Şair Süleyman Həsrətin “Mən torpaq olmuşam bir vaxt” adlı kitabı haqqında düşüncələr  

Ömrün bir vədəsində həsrət sanki elə sözdən ibarət olur. Yaşa dolduqca onun rəngini, dadını hiss etməyə başlayırsan. Çünki günlərin birində biz istəmədən o, ömür evimizə qədəm qoyur, həyatımızın rəngini dəyişdirir...

Sözün bir neçə mənasında nakam hesab etdiyimiz şair, müəllim Süleyman Həsrət (Süleyman Həsənəli oğlu Allahverdiyev; 1959-1993) də onu hələ uşaqlığında – yaşı cüt rəqəmli olanda dadmışdı. El arasında “kimi ayaqqabı dərdi çəkir, kimisi də ayaq” deyimi var. Ömrü yaz qarına bənzəyən Süleyman Allahverdiyev də ayaq dərdi çəkənlərdən olub.

Şahbuz rayonunun Lizbirt kəndində (hazırda yaşayış yoxdur) dünyaya göz açıb. Ailəsi 1963-cü ildə Babək rayonunun Aşağı Buzqov kəndinə köçür. Süleyman bu kənddə orta məktəbə gedir. 10 yaşı olanda Novruz bayramına bir gün qalmış məktəblilərlə birgə pir ziyarəti zamanı ömrünü vaxtsız bitirəcək dəhşətli hadisə baş verir. Qaya parçası onun üzərinə düşür və ağır yaralanır. Növbəti gün ayağının biri amputasiya olunur. Süleymanı uşaq arzularının sorağı ilə pirə aparan ayaqlarının birini qoltuq ağacı əvəz edir...

Fələk bir ayağına göz diksə də, əvəzində bədii söz xəzinəsinin açarını ona bağışlayır. Aşağı Buzqov kəndinin əsrarəngiz təbiəti məktəbli çağlarından söz dünyasını cilalamağa başlayır. Süleymanın bədii sözdən ikiəlli yapışmasında, ədəbi zövqünün formalaşmasında Naxçıvan şəhərindəki internat məktəbində təhsil aldığı dövrdə müəllimi olmuş tanınmış şair-dramaturq, Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva (1936-2019) da mühüm rol oynayıb. Fransız dilini tədris edən, yüksək poetik duyumu, dərin ədəbiyyat və sənət bilgisi olan Kəmalə xanım Süleymandakı işığı sezir, onun özünə inamını, yaradıcılıq həvəsini artırır. Şeirləri “Şərq qapısı” qəzetində, sonralar digər mətbuat orqanlarında dərc olunur. Qələmə aldığı bədii nümunələrdən öz səsi, öz nəfəsi duyulan, sağlam və bütöv vücudun xiffətini çəkən Süleyman Allahverdiyev artıq “Süleyman Həsrət”ə çevrilir.

Azərbaycan dilinə, ədəbiyyata olan sevgisi 1978-ci ildə onu Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki NDU) Dil-ədəbiyyat fakültəsinə gətirir. Burada təhsil aldığı dövrdə mütaliəsi və bir sıra müəllimlərinin diqqəti sayəsində ədəbi düşüncəsinin üfüqləri daha da genişlənir. Azərbaycan dili müəllimi, dilçi alim və şair Əbülfəz Quliyev onun haqqında televiziya verilişi də hazırlayır.

Süleyman Həsrət ali təhsilinin ilk illərindən Aşağı Buzqov kənd orta məktəbindəki emalatxanaya müdir təyin olunur. 1980-ci ildə həmin məktəbdə pedaqoji fəaliyyətə başlayır, ana dilimizi və ədəbiyyatı böyük həvəslə şagirdlərə sevdirir.

“Yanıram, pərvanə oduma gəlmir...”

Süleyman Həsrət ilk yaradıcılıq nümunələrindən sözlə ehtiyatla, məsuliyyətlə davranırdı. Vücud bütövlüyü pozulsa da, yaradıcılıqda məna-məzmun tamlığına can atırdı. Şairin yeni işıq üzü görən “Mən torpaq olmuşam bir vaxt” (Bakı, “İmza” nəşrlər evi, 2025) adlı kitabında yer alan şeirlərinin əksəriyyətində bunu görmək mümkündür.

Aşiqlərin vüsal həsrəti, qürbətdəkilərin vətən həsrəti, sonsuzların övlad həsrəti... Bunların hər birinin öz rəngi var. Sağ cana möhtac şairin dünyası isə sanki kül rəngindədir:

Öləziyib külə dönmüş ocaqdı,

Şər ilə xeyirə bölünüb vaxtı.

Ərsiz gözəl kimi qaraqabaqdı,

Güldürə bilmədi bu dünya məni.

Taleyin üzə gülməyi xoşbəxtlik, bəxtəvərlikdir. Sənin əməlindən, arzu və niyyətindən asılı olmadan bəzən “atdığın aşdan çıxmır”. Ulularımız nahaq yerə deməyib ki, qızıldan taxtın olunca, quruca baxtın olsun. Şair gülüstan ömrünə vaxtsız xəzan gətirən, ona boz sifətini göstərən dünyanı ərsiz gözələ bənzədir.

Süleyman Həsrətin yaşadığı, yandığı bu “bozsifət dünya”da pərvanələr işığın sorağında deyil, zülmətdə məsud olurlar. Bəzi doğma adamlarsa ancaq xoş günə müntəzirdirlər. Bu cür mühitdə insan nəinki ürəkdən gülə bilməz, dodaqlarına təbəssüm belə qonmaz, haçan güldüyünü də unudar:

Yanıram, pərvanə oduma gəlmir,

Dar gündə doğmalar dadıma gəlmir,

Ürəkdən güldüyüm yadıma gəlmir,

Ömür yaşayıram yadlar içində...

Cismani baxımdan düşdüyü arzuolunmaz vəziyyətə rəğmən şair sevgisi ilə qalib görünür. Bu qalibiyyətin əsası, istinad yeri onun sevgisi ilə yanaşı, həm də şairliyi, istedadıdır:

Yalqız bitən gülə yandım,

Düşdüm dildən-dilə, yandım,

Eşq oduna elə yandım

Kərəm bildi çoxu məni...

Bəli, yalqız bitən bir gülün halına yanan, onun dərdini qəlbində dağa çevirən şair üçün yaşamaq asan ola bilməzdi. Əgər şairlər “dünyanın ağrıyan yeri”dirsə, bu seçilmiş, istedad, ilham sahiblərinin sözünün dəyər-qiyməti, təsir dairəsi mütləq olmalıdır. Süleyman Həsrətin bu misraları Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur şeirindən aşağıdakı bir bəndi yada salır:

Batan bir günəşin, solan yarpağın,

Quruyan çeşmənin, sönən ocağın,

Dərdini, qəmini qəlbə salmadan,

Birinin dərdinə ortaq olmadan

Yaşamaq, ay ana, yaşamaqmıdır?!

Həyat məgər ancaq kef-damaqmıdır?!

Süleyman Həsrət də təbiətdə və cəmiyyətdə baş verənlərə həssas yanaşıb, bağrının başını göynədən olaylara könül dünyasından qopan kəsərli, cilalı sözü ilə münasibət bildirib:

Dünya namərd dünyasıdır!

Elimə, obama yanan olmuşam.

Duyan ürəyim var, duyan qəlbim var.

Mən qanan yanında qanan olmuşam.

 

“...Dünyanı odumla isidəm gərək”

Şeirləri ilə ümumi tanışlıqdan belə bir qənaətə gəlirsən ki, Süleyman Həsrət yalnız ilhamının, təbinin “sözünə baxıb”. İlhamlı olanda ona dəyməməyi tövsiyə edir. Çünki o anda kəpənək qanadı kimi kövrək olur. O, istedadın “məhsul”u olmayan əsərin oxucunun “sarı sim”ini titrədə bilməyəcəyindən əmindir:

İlhamın odunda bişməyən şeir,

Ürəyi ovutmaz, könlü isitməz.

Günəşin istisi bəs eləmirsə,

Dünyanı odumla isidəm gərək.

Xoşbəxtlik hər insana görə ayrı bir məna kəsb edir. Doğru sözü hər yerdə deyə bilməməyi də özünə dərd sayan Süleyman Həsrət üçün gərəkli insan olmaq dəyişməz meyardır. “...Özümü hamıdan xoşbəxt bilərəm, Elimin, obamın gərəyi olsam” etirafında bulunan şairə görə, bütün bunları gerçəkləşdirmək üçün, ilk növbədə, sağlam olmalısan:

Məni qanmaz bilib qanmaz adamlar...

Düz sözü hər yerdə deyə bilmədim,

Yedim için-için ürəyimi də.

Bircə gün sağ canla yeyə bilmədim.

Şair öz taleyi ilə bağlı nə qədər bədgüman olsa da, Vətənin xoş gələcəyindən arxayındır. Baxmayaraq ki, dövlət müstəqilliyimizin ilk illərindəki işğal və anarxiya xalqımızda ümumi bədbin əhval-ruhiyyə yaratmışdı. Ermənistanın öz havadarlarının dəstəyi ilə ölkəmizə qarşı başlatdığı işğalçılıq müharibəsi, xüsusilə, bütün insanlıq adına qara ləkə olan Xocalı soyqırımı şairi dərindən sarsıtsa da, daxilindəki ümid işığını söndürə bilməmişdi. “Ağlama, yavrum” şeiri, bu mənada, müəllifin diqqətəlayiq nümunələrindəndir. Azadlığın qanla alına biləcəyinə inanan şair yazır:

Qurd qorxaqsa, o qurd deyil,

Qorunmayan yurd yurd deyil,

Göz yaşları ümid deyil,

Ağlama, yavrum, ağlama.

Böyük ərazi itkiləri ilə yanaşı, dövlət müstəqilliyinin də təhlükə qarşısında olduğu o ağırdan ağır dövrdə şairin intuisiyası, təbi ona həm də bu misraları pıçıldamışdı:

Ruhumuz qanadlanacaq,

Vətən bir gün şadlanacaq,

Yağı düşmən odlanacaq!

O bizi nə sanasıdır?!

Bu yerdə təəssüf qarışıq bir nisgil adamın qəlbini qarsalayır. Kaş şair Ordumuzun 44 gündə qazandığı dillərə dastan tarixi Qarabağ Zəfərini görəydi. Kaş ərazi bütövlüyü və suverenliyi bərpa olunan Vətənin, qalib xalqın şairi olmaqdan o da qürur duyardı. Şuşanın yağıdan qurtuluş xəbərini alanda şair elə bilərdi ki, 10 yaşında itirdiyi bir ayağı yerinə gəlib... Kim bilir, bəlkə də Süleyman Həsrət o bir ayağı ilə Daşaltıdan qala-şəhərimiz Şuşaya piyada qalxmağı niyyət eləmişdi...

Təsəlli ondadır ki, müzəffər Azərbaycan Ordusu düşmənə qorxusu əbədi yaşayacaq bir od vurdu, ölkəmizin ərazi bütövlüyünü bərpa elədi. Vətənin taleyi ilə bağlı bütün nigaran ruhlar da rahatlıq tapdı.

Şairin vaxtilə “Mənsiz günlərinə göz yaşı saxla” dediyi, onun əzab-əziyyət siləli ömür yükünü zərif çiyinlərində mərdliklə daşıyan sədaqətli həyat yoldaşı və “Atanla sevimli olmağa nə var, Xalqınla sevimli olmağa çalış...” tövsiyəsini verdiyi iki oğlu sərhədləri bütünləşmiş, qalib Azərbaycanın vətəndaşlarıdır...

Poeziya, şeriyyət hisslərdən qidalanır. Söz adamlarının yaşadığı fiziki ağrılar şeirə çevriləndə fantaziyanın miqyası kiçilir, ağrılar həddən artıq azadlıq əldə edir. İyirmi dörd il dərdləri itirdiyi ayağının yerində bitib digər ayağı ilə qoşa addımlayan Süleyman Həsrətin yaradıcılığının əsas hissəsi ağrıya qranitdən qoyulan abidə timsallıdır. Çünki ömrünün son üç ili həm də başqa bir sağalmaz dərdlə çarpışmada keçmişdi. O artıq həyat tamaşasının finalını oynadığını hiss etməyə başlamışdı. İki övladının taleyi onu daha çox düşündürürdü:

Mən də boylanan boy idim,

Neçə cavana tay idim,

İki körpəm var, böyüdüm,

Toy eləyim gülə-gülə,

Ölüm, mənə qıyma hələ!

Ancaq fələk onun özünə növbəti daha ağır “toy”un planını qurmuşdu. “Axşam günəşi”nin taleyini yaşadığını duyan şair balalarının toyunu görə bilməyəcəyini yəqinləşdirdiyindən onlardan üzr istəyirdi:

...Duyulmaz nəğməsi qurumuş çayın,

Gələndə kaş gəlsin Tanrıdan payın,

Toyunuzda ananızla oynayın...

Məni bağışlayın, gül balalarım...

“Mən torpaq olmuşam bir vaxt, Torpağa qaytarın məni...” deyən Süleyman Həsrət 1993-cü ildə, ömrünün 34-cü ilində vəfat edib. Yaradıcılıq üfüqlərinin genişləndiyi bir vaxtda dünyadan köçən şairin qələmə aldıqları bağbanın ümidlərini artıran bol çiçəkli meyvə ağacları kimidir. Anadan olmasının 65 illiyi münasibətilə nəşrə hazırlanan kitabda yer alan bədii nümunələri oxuyanlar şairin deyim-duyum özünəməxsusluğuna, mütaliə zənginliyinə, xalq yaddaşından necə məharətlə bəhrələndiyinə şahid olacaqlar.

Kitabın sonunda Süleyman Həsrəti məktəbli çağlarından tanıyan, bir müddət onunla sinif yoldaşı olmuş Naxçıvan Dövlət Universiteti Fəlsəfə və sosial iş kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayevin də şairin ömür yoluna işıq salan məqaləsi verilib.

Süleyman Həsrətin şeirləri onun nakam ömrünə vurulan rəngarəng söz naxışlarıdır. O naxışların hər ilməsi şair həyatının bir anını nişan verir.

Fariz Yunisli