Xəbər verdiyimiz kimi, F. Köçərli adına Respublika Uşaq Kitabxanası “Oxu! Yarat! Qazan!” devizi ilə yay festivalı keçirir.
İyunun 24-də festival çərçivəsində “Yaradıcılığını kəşf et!” adlı növbəti ustad dərsi təşkil olunub. Rəsm və boyama işləri uşaqların təxəyyülünü inkişaf etdirməyə və yaradıcılıq bacarıqlarını stimullaşdırmağa yönəlib.
Ustad dərsində iştirak edən balaca oxucular mütaliə etdikləri kitabların qəhrəmanlarını canlandıraraq kağız üzərinə köçürüblər. Onlar sevdikləri obrazları öz baxış bucaqlarından təqdim ediblər.
Rəsmlərini tamamladıqdan sonra uşaqlar rənglərə boyanmış əlləri ilə rəsmlərinin üzərinə imzalarını qoyublar. Bu simvolik jest uşaqların “Bu əsər mənimdir!” mesajını verməsinin yaradıcı ifadəsi olub.
Sonda uşaqlar bir-birlərinin əl işləri ilə tanış olub, seçdikləri qəhrəmanlar haqqında fikir mübadiləsi aparıblar.
Kitabxana əməkdaşları uşaqların rəsmlərini qiymətləndirərək onlara “Göy qurşağı” jurnalını hədiyyə ediblər.