AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə “Cavad Heyət və türk kimliyinin elmi zəfəri” mövzusunda elmi sessiya keçirilib.

Tədbir Cənubi Azərbaycandan olan görkəmli cərrah, türkoloq, “Varlıq” jurnalının təsisçisi Cavad Heyətin (1925–2014) 100 illiyinə həsr edilib.

Əvvəlcə qonaqlar institutun ekspozisiya zalında görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxıblar.

Elmi sessiyanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Varlıq” dərgisi Cavad Heyətə humanitar sahənin görkəmli mütəxəssisi kimi nüfuz qazandırıb. Ümummilli Lider Heydər Əliyevin onun çoxcəhətli fəaliyyətini və şəxsiyyətini hər zaman yüksək tutduğunu qeyd edən akademik İsa Həbibbəyli milli şüurun inkişafına dəyərli töhfələr vermiş, yaradıcılığı ilə Azərbaycan elminə örnək olan bu dahi şəxsiyyətin hər zaman xatirələrdə yaşayacağını vurğulayıb.

Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında Cavad Heyətin çoxşaxəli fəaliyyətindən, onun ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatlarından söz açıb. O, Cavad Heyətin istər cərrahiyyə sahəsində, istərsə də “Varlıq” jurnalının redaktoru, ictimai xadim kimi xalqımızın milli-mədəni kimliyinin dərk edilməsi, azərbaycançılıq və türkçülüyün təbliği sahəsindəki xidmətlərinin danılmaz olduğunu vurğulayıb.

Elmi seminarda “Xatirələrimdəki Cavad Heyət”, “Doktor Cavad Heyət: alovlu vətənpərvər və əsl ziyalı olmağın parlaq nümunəsi”, “Varlıq” dərgisinin ilk sayı və Əncüməne-Azərbaycanın nümunələri”, “Elmi işçilərin hamisi”, “Tanımadığım və yaxından tanıdığım Cavad Heyət” adlı məruzələr dinlənilib.

Tədbirin qonaqları – Robert Bağır Heyət, yazıçısı, tərcüməçi və publisist, Almaniya Yazarlar Birliyinin üzvü Orhan Aras və Nadir Heyət çıxışlarında Cavad Heyətlə bağlı xatirələrini bölüşüblər.