Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert keçirilib.

Tədbirdə öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub. Vətən uğrunda şəhid olmuş Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin məzunları Əzizbəy Muradov və Asim Əliyevin ruhuna ehtiram ifadə edilib.

Rəsmi hissədə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev, şəhid Əzizbəy Muradovun valideyni Etibar Muradov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən danışıblar. Güclü ordunun hər bir dövlətin suverenliyinin təminatı olduğu vurğulanıb.

Sonra Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib. Vətənpərvərlik ruhlu musiqi nömrələri, xalq mahnıları, fortepiano və qarmon ifaları, müxtəlif rəqs kompozisiyaları alqışlarla qarşılanıb.

Nurəddin