Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.
İyunun 25-də Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Zəfərin ruhu" adlı səyyar rəsm və foto sərgisi açılıb.
Əvvəlcə rayonun icra başçısı Seymur Orucov, mədəniyyət nazirinin müavini Murad Hüseynov və ictimaiyyət nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova sərgi barədə məlumat verib. Qeyd olunub ki, sərgidə ordumuzun qəhrəmanlığını, şanlı Zəfər qazanmasını, Qarabağımızın gözəlliklərini əks etdirən rəsmlər və fotolar yer alıb. Sərgi iyulun 9-dək davam edəcək.
Həmin gün axşam Heydər Əliyev Mərkəzinin həyətindəki meydanda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin konserti olub.
Orkestrın ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" və “Təntənəli rəqs” səsləndirilib.
Solistlər – Rüstəm Cəfərov “Vətən nəğməsi”, “Evləri var xana-xana” xalq mahnısı, Zəminə Mustafayeva “Doğma diyar”, Bayram Üzeyirov “Çahargah rapsodiyası”, Samirə Hacıyeva “Ana torpaq” və “Qarabağ” mahnılarını ifa ediblər.
Konsert proqramı “Koroğlu” operasından rəqs nömrəsi ilə başa çatıb.