26 iyun dünyada “Narkоmaniyaya və Narkоbiznеsə Qarşı Beynəlxalq Mübarizə Günü” (International Day against Drug Abuse and Illicit Trafficking) kimi qeyd olunur.
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə belə bir gün təsis olunub.
Narkomaniyaya qarşı mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il konvensiyalarına qoşulub. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ hüquqi baza yaradılıb və qanunvericilik sistemi təkmilləşdirilib, dövlət proqramları qəbul olunub.
***
Milli Kitabxana tərəfindən bəşəri bəlaya qarşı mübarizənin təbliği məqsədilə “26 iyun – Narkоmaniyaya və narkоbiznеsə qarşı beynəlxalq mübarizə günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya və narkobiznes haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar və kitablar nümayiş olunur.
Ənənəvi sərgidə isə narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparılmasından bəhs edən ədəbiyyatlar, “Psixoaktiv maddələrdən istifadənin risk amilləri", "Asılı davranışın inkişafına yeniyetmənin yaş xüsusiyyətlərinin təsiri", "Yeniyetmələrdə psixoaktiv maddələrdən asılılığın formalaşma mərhələləri", "Psixoaktiv maddələrdən istifadənin əsas əlamətləri", Azərbaycanda yayılmış psixoaktiv maddələr və onların sağlamlığa zərərli təsiri və s. mövzularda məlumat - təbliğat xarakterli kitablar nümayiş olunur.
***
Respublika Gənclər Kitabxanasında Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi və “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb.
Məlumat bülletenində bir sıra rəsmi sənədlərin, akademik İradə Hüseynovanın “Müasir cəmiyyətdə narkomaniya problemləri”, “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” və “Narkomanlığa qarşı mübarizə cəmiyyət üçün cəmiyyət vasitəsilə aparılmalıdır” adlı məqalələrin tam mətni, “Narkotik maddə – ailəvi qırğın "silahı", “Sağlam gənclik sağlam gələcəkdir”, “Gəncliyi gözləyən təhlükələr”, “Narkomaniya, narkobiznes və ona qarşı mübarizədə kitabxanaların rolu” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir.
Vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.
Virtual kitab sərgisinə də kitabxananın saytında baxmaq olar. Burada qanunvericilik aktları ilə yanaşı, özündə narkomaniya terminin açılışı, narkotik vasitələrdən asılılıq mərhələləri, bu asılılığın ağır fəsadları, müalicə üsulları, həyat üçün zərərli vərdişlər və onlarla mübarizə üsulları və digər mövzuları əhatə edən Azərbaycan və rus dillərində nəşr edilmiş 20-yə yaxın kitabın və məqalənin tam mətni təqdim edilir.