Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərovun 65 illik yubileyinə həsr olunmuş “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərginin açılışı olub.
Sərgidə Natiq Səfərovun rəhbərliyi altında bərpa edilmiş muzey kolleksiyasından 40-dan çox eksponat nümayiş olunur. Bunlar Azərbaycan və dünya incəsənətinə aid əsərlərdir: XVII–XIX əsrlərə aid ikonalar, rəsm əsərləri, qrafika nümunələri və müxtəlif dövrlərə və üslublara məxsus dekorativ-tətbiqi sənət nümunələri. Eyni zamanda, ekspozisiyada eksponatların bərpadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillər, eləcə də rassamın öz müəllif işləri yer alıb.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin əhəmiyyətindən və Natiq Səfərovun ölkəmizdə bərpaçı rəssamlıq sahəsinin inkişafındakı xüsusi rolundan bəhs edib. Qeyd edib ki, Natiq Səfərov 40 ildən artıq müddətdə bu incə və məsuliyyətli sahəyə həsr etdiyi fəaliyyəti ilə minlərlə sənət əsərinə yenidən həyat bəxş edib.
Direktor əlavə edib ki, Natiq Səfərov 2010-cu ildən muzeyin elmi və əsas restavrasiya şöbəsinə rəhbərlik edir. Bu müddət ərzində onun rəhbərliyi ilə muzeyin kolleksiyasındakı Azərbaycan, Qərbi Avropa, Şərq və Rusiya incəsənətinə aid onlarla eksponat bərpa edilib.
Jurnalistlərlə söhbətində Natiq Səfərov bildirib ki, sərgi bütün bərpaçı-rəssamlara həsr olunub: "Hərçənd ki, sərgi mənim 65 illiyimə həsr olunub, əslində, bu sərgi bütün Azərbaycan restavratorlarına aiddir. Burada təkcə mənim deyil, yaratdığım və rəhbərlik etdiyim elmi laboratoriyada çalışan gənc mütəxəssislərin əməyi də nümayiş olunur. Onların töhfəsi layiqincə qiymətləndirilməlidir”.
Onun sözlərinə görə, bu, Azərbaycanda ilk belə ekspozisiyadır ki, ərpaçı-rəssamların uzun illər apardığı zəhmətli işin bir hissəsini təqdim edir: “Əsas məqsədimiz dövlətimizin və Mədəniyyət Nazirliyinin Azərbaycan xalqının mədəni irsinə nə qədər həssas və diqqətlə yanaşdığını cəmiyyətə göstərməkdir. Bu təkcə restavrasiya nailiyyətlərinin nümayişi deyil, eyni zamanda maarifləndirici missiyadır. Belə ki, biz incəsənət əsərlərinə olan hörməti, marağı və sevgini artırmaq istəyirik”.
Sərgi ilə bağlı təəssüratlarını bölüşən Xalq rəssamı Ağəli İbrahimov həmkarının peşəkarlığını yüksək qiymətləndirib: “İlk növbədə demək istəyirəm ki, Natiq Səfərov yalnız görkəmli usta deyil, həm də gözəl insandır. O, respublikamızın ən yaxşı restavratorlarından biri olmaqla yanaşı, həqiqi yaradıcı şəxsdir. O, təkcə dünya təcrübəsini təqib etmir, özü sərbəst olaraq unikall həllər tapır, bu sahədə kəşflər edir”.
Xalq rəssamı Səlhab Məmmədov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digər çıxış edənlər Natiq Səfərovu yubuley sərgisi münasibətilə təbrik edib, onun rəhbərliyi ilə yeni həyat qazanmış əsərlərin tarixi-mədəni dəyərindən söz açıblar.
Yubilyara Xətai Sənət Mərkəzinin təşəkkür plaketi təqdim olunub.
Qeyd edək ki, Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” sərgisi sentyabrın 25-dək davam edəcək.