İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr olunan “İnşaatın müasir problemləri” (MCEP 2025) mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.

Konfrans AzMİU, Türkiyənin İstanbul Texniki Universiteti, Xorvatiyanın North Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilir. 

Konfransın açılışında çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin 50 illik tarixinə qısa nəzər salıb. Bildirib ki, AzMİU Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdə, məhz onun təşəbbüsü ilə yaradılıb. O dövrdə universitet Qafqazda memarlıq və inşaat mühəndisləri üzrə ixtisaslaşan ilk və yeganə ali təhsil müəssisəsi olub.

Universitetin məzunları bu gün Azərbaycanın memarlıq, inşaat, hidrotexniki tikinti, nəqliyyat, informasiya texnologiyaları və iqtisadiyyat sahələrində uğurla fəaliyyət göstərir və bu sahələrdə aparıcı mövqelərə sahibdirlər. Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə də fəal şəkildə cəlb olunublar.

Gülçöhrə Məmmədova elmi-tədqiqat sahəsində görülən işlərə toxunaraq vurğulayıb ki, bu gün elmə verilən əsas tələblərdən biri beynəlmiləlləşmədir. Elmin ən qabaqcıl istiqamətlərinə inteqrasiya olunmaqla həm milli elmin inkişafına nail olmaq, həm də ölkəmizi beynəlxalq miqyasda tanıtmaq mümkündür. Beynəlxalq elmi əlaqələrin qurulması və möhkəmləndirilməsi hazırda xarici tərəfdaş universitetlərlə əməkdaşlığın əsas istiqamətini təşkil edir. Bu konfrans həmin əlaqələrin inkişafına mühüm töhfə verəcək, AzMİU alimlərinin apardığı tədqiqatların tərəfdaş universitetlərin nümayəndələri ilə bölüşülməsi, onların araşdırmalarının qarşılıqlı müzakirəsi elmi əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Konfransda çıxış edən İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu təmsil etdiyi ali təhsil müəssisəsi ilə AzMİU arasında qurulan əməkdaşlığa diqqət çəkib. Professor konfransın bu əməkdaşlığın nəticəsi olaraq təşkil edildiyini və elm aləmi üçün faydalı nəticələr verəcəyinə əminliyini söyləyib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov çıxışında bu cür tədbirlərin inşaat sahəsində çalışan mütəxəssislər üçün effektiv təcrübə və məlumat mübadiləsi platforması olduğunu deyib. 

North Universitetinin professoru Jelko Kos da konfransın əhəmiyyətindən söhbət açıb. Onun sözlərinə görə, bu cür görüşlər qlobal səviyyədə elmi tərəfdaşlığın inkişafına, eləcə də bilik və təcrübə mübadiləsinin təşviqinə xüsusi fayda verir.

Konfransın plenar sessiyasında rektor professor Gülçöhrə Məmmədova “Keçmiş və müasirlik: Qərbi Azərbaycanın tarixi memarlıq irsi haqqında” adlı təqdimatla çıxış edib. Rektor Qərbi Azərbaycan ərazisində – xüsusilə İrəvan şəhərində mədəni və memarlıq irsinin dağıdılmasından danışıb.

Professorun sözlərinə görə, 1924-cü ildə təqdim olunan baş planda İrəvan xanlığı dövründə formalaşmış və daha qədim dövrlərə aid tarixi abidələrin tamamilə məhv edilməsi və onların yerində yeni şəhərsalma konsepsiyasına uyğun tamamilə fərqli bir şəhərin inşası nəzərdə tutulmuşdu.

“Bu plan təkcə memarlıq baxımından deyil, həm də etnik və ideolojiyönümlü bir layihə idi. Azərbaycanlılara məxsus tarixi mərkəz, memarlıq irsi və məhəllələr ardıcıl şəkildə sökülərək silindi. Tarixi simanın planlı şəkildə dəyişdirilməsi nəticəsində azərbaycanlıların şəhərdəki izi aradan qaldırıldı”, – deyə Gülçöhrə Məmmədova vurğulayıb.

Münxen Helmholtz Mərkəzi İnstitutunun professoru, AzMİU rektorunun müşaviri Məsud Əfəndiyevin “Sənayedə kimyəvi reaktorların dizaynı”, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlunun “Stres analizi üçün güclü üsul: fotoelastiklik metodu – İstanbul Texniki Universitetinin Eksperimental mexanika laboratoriyasından bəzi nümunələr” mövzusunda təqdimatları keçirilib.

Konfrans çərçivəsində universitetin müxtəlif auditoriyalarında paralel bölmə iclasları keçirilib. 

İkigünlük konfransa ümumilikdə 13 ölkədən 194 elmi məruzə təqdim edilib. Bunların 159-u Azərbaycan alimlərinə, 35-i isə xarici tədqiqatçılara məxsus olacaq. Konfransda Türkiyə, Almaniya, Çin, Xorvatiya, Slovakiya, İran, Cənubi Koreya, İtaliya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Yunanıstan təmsil olunub.

Təqdim olunan məqalələrdə müasir mühəndislik çağırışları, dayanıqlı tikinti texnologiyaları, “ağıllı” şəhərsalma həlləri, enerji səmərəliliyi və yeni infrastruktur modelləri kimi aktual mövzulara elmi yanaşmalar irəli sürülüb.