Xəbər verdiyimiz kimi, iyunun 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya səfəri başlanıb.

İyunun 24-də paytaxt Zaqrebdə mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın mədəniyyət və media naziri Nina Obuljen Korzinek arasında görüş keçirilib.

Görüşdə ikitərəfli mədəni əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Xanım nazir çıxışında Xorvatiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycan nümayəndə heyətinin Xorvatiyaya səfərinin iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verəcəyinə əminliyini bildirib.

Nazir Adil Kərimli bildirib ki, ölkə rəhbərləri səviyyəsində formalaşmış səmimi dostluq münasibətləri mədəni əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Görüşdə belə bir fikir ortaq ifadə olunub ki, səfər 2024-cü il martın 13-də Bakı şəhərində keçirilmiş Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın üçüncü iclasında əldə olunmuş razılaşmaların icrasına töhfə verəcək.

Mədəniyyət və yaradıcı sənayelər (MYS), kino və musiqi sahələri, o cümlədən mədəni irsin qorunması və bərpası ilə bağlı təlimlərin, vörkşopların təşkili, müvafiq sahələrdə ekspert və institutlar arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf mövcud potensialdan maksimum istifadə olunmasının vacibliyini vurğulayıb.