M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dünyaca məşhur polyak bəstəkarı Frederik Şopenin yaradıcılığına həsr olunmuş konsert (20 iyun) keçirilib.

Konsertdə tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov virtuoz ifası ilə musiqisevərləri heyran edib.

Proqramda “Grande valse brilliante” Es-dur (op.18), 3 saylı As-dur, (op.64), 2 saylı cis-moll (op.64) valsları, ekspromt-fantaziya cis-moll (op.66), 3 saylı cis-moll (op.63), 4 saylı a-moll (op.67), 2 saylı sonata b-moll (op.35, I hissə Grave – Doppio movimento), 4 saylı e-moll, 7 saylı A-dur,  20 saylı c-moll (op.28) prelüdlərini və sonda isə 12 saylı c-moll etüdü (op.25) səslənib.

Sonra beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova (violin) Vurğun Vəkilovun fortepianoda müşayiəti ilə bəstəkarın 1 saylı mazurka B-dur (op.7) və 2 saylı noktürnü Es-dur (op.9) əsərlərini ifa edib.

F.Şopen musiqisinin akustik baxımdan yeni səpkidə təqdimatı dinləyicilərin marağına səbəb olub.

Sonda Vurğun Vəkilov gur alqışlar altında yenidən səhnəyə qayıdıb və  Şopenin 20 saylı noktürn cis-moll əsərini ifa edib.

Qeyd edək ki, bu il "fortepianonun şairi" Frederik Şopenin 215 illik yubileyidir. F.Şopen musiqisi dünyanın hər yerində səslənir və dinləyicilərin qəlbini fəth etməyə davam edir…