İyunun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxananın yeni loqosunun təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib.

Təqdimat Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

Milli Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov qeyd edib ki, kitabxanalarda dövrün tələblərinə uyğun olaraq yeni istiqamətlər meydana gəlir: "Bu istiqamətlərdən irəli gələrək belə qərara gəldik ki, kitabxananın yeni loqosunu hazırlayaq. Yeni loqo Azərbaycan Milli Kitabxanasının vizual kimliyini yenidən formalaşdırmaq və onu daha müasir, aydın və tanınan şəkildə cəmiyyətə təqdim etmək məqsədilə hazırlanıb".

Kərim Tahirov bildirib ki, loqonun əsas prinsipləri sadə və yaddaqalan, təkrarlanmayan və mənalı, simvolik elementlərlə ilkin mesajın çatdırılmasıdır. Yeni loqo Azərbaycan Milli Kitabxanasını milli, intellektual və innovativ bir mərkəz kimi təmsil edir. Bu vizual kimlik kitabxananın həm mövcud, həm də gələcəyə yönəlik fəaliyyətini əks etdirir.

Loqonun dizayn müəllifi, "MƏN" korporativ brendiq şirkətinin təsisçisi Elçin Aşurov loqodakı əsas simvollar haqqında məlumat verib.

Səkkizguşəli ulduz Azərbaycanın milli simvoludur. Bayrağımızda və gerbimizdə öz əksini tapan bu element milli kimliyi və dövlətçiliyi ifadə edir. Loqoda yer alması kitabxananın milli dəyərlərə bağlılığını göstərir.

Kitab silueti maarifçilik, bilik və elm simvoludur. Kitab həm kitabxananın əsas funksiyasını ifadə edir, həm də ümumi mədəni və elmi inkişafı simvollaşdırır.

İnsan və monitor silueti isə rəqəmsallaşmanı və müasir texnologiyalara keçidi ifadə edir. Bu element kitabxananın ənənəvi sistemdən elektron resurslara keçidini və istifadəçilər üçün əlçatanlığı göstərir.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova yeni loqo ilə bağlı təbriklərini çatdıraraq qeyd edib ki, Milli Kitabxana respublikada ən zəngin kitab fonduna malikdir, eyni zamanda rəqəmsallaşma və elektronlaşma istiqamətindəki fəaliyyət sahəsində də ilk və öndədir. 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini tarix üzrə fəlsəfə doktoru Şəhla Quliyeva da milli-mənəvi dəyərlərlə müasirliyin tendensiyasının bir arada vəhdətini əks etdirən yeni loqo münasibətilə Milli Kitabxananı təbrik edib. O, Azərbaycanda kitabxana fəaliyyətinin və kitabxanaşünaslıq sahəsinin flaqmanı olan Milli Kitabxanaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər çıxış edənlər də Milli Kitabxananı yeni loqosunun təqdimatı münasibətilə təbrik ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Nurəddin