İyunun 24-də Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyində Azərbaycan və Xorvatiyanın mədəniyyət və yaradıcı sənaye (MYS) təmsilçilərinin iştirakı ilə B2B (business-to-business) formatlı görüş keçirilib.

Tədbir iki ölkə arasında yaradıcı sənaye ilə bağlı ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.

Görüş çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə brifinq təşkil olunub.

Nazir hərtərəfli münasibətlərin inkişafı üçün əsas kimi mədəni mübadilənin vacibliyini vurğulayaraq yaradıcı sənaye, incəsənət və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verə biləcək digər mədəniyyət sahələrində birgə layihələr üçün böyük potensialın olduğunu qeyd edib.

Azərbaycandan kino, musiqi, rəqəmsallaşma, zərgərlik, dizayn və s. kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 15 şirkətin nümayəndələrinin qatıldığı işgüzar görüşdə yaradıcı sənaye nümayəndələri əməkdaşlıq üçün konkret imkanları, o cümlədən investisiya layihələrini, ixrac-idxal əməliyyatlarını və birgə müəssisələrin yaradılmasını müzakirə ediblər. Bu cəhdlərin tərəfdaşlığın dərinləşməsinə kömək etdiyinə, həm Azərbaycanda, həm də Xorvatiyada iqtisadi artım üçün yeni perspektivlər açdığına əminlik ifadə olunub.

Azərbaycan səfirliyində keçirilən görüş ikitərəfli münasibətlərin inkişafında mühüm addım olaraq hər iki ölkənin biznes dairələri və dövlət qurumları arasında dialoqun genişlənməsinə qarşılıqlı marağı təsdiqləyib.