İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.

Səhnə əsəri tarixi metafizik dram janrındadır.

Yeni tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

Əsər XIX əsrin əvvəllərində mənşəcə gürcü olan Rusiya generalı Sisianovun komandanlığı ilə imperiya qoşunlarının Cənubi Qafqazı işğal etməsindən bəhs edir.

Rejissorun əsas məqsədi birləşə bilməyən Azərbaycan xanlarının Çar Rusiyası tərəfindən işğalı zamanı böyük güc qarşısında necə dayanmasının, taleyüklü seçim anında özünü necə ifadə etməsinin psixoloji mənzərəsini, personajlar qalereyasını göstərməkdir.

Tamaşada Xalq artistləri Rafiq Əzimov (Molla Müzəffər ağa), Hacı İsmayılov (Münşi Məşədi Həsənağa), Kazım Abdullayev (Hüseynqulu xan), Əməkdar artistlər Füzuli Hüseynov (Knyaz Sisianov), Vəfa Rzayeva (Çariça Mariya), Elnar Qarayev (Mahmud bəy), Anar Heybətov (Dilmanc Şərif bəy), Rövşən Kərimduxt (Fətəli şah), Kazım Həsənquliyev, (Hacı Muxtar), Elxan Quliyev (Həmdulla), Elşən Rüstəmov (İvan Petroviç Lazarev), Mətləb Abdullayev (Polkovnik fon Qrenfald), Ayşad Məmmədov (Mirzə Məhəmməd Əkbari), aktyorlar Elçin Əfəndi (Cavad xan), Rüstəm Rüstəmov (İbrahim xan), Cümşüd Zeynalov (Xacə Əbdül Rəhman), Cavidan Novruz (Qurd Kərim), Tural İbrahimov (Abbas Mirzə), Nəzrin Abdullayeva (Sarı Çoban qızı), Günəş Təkin (Ağabəyim ağa), Vüsal Mustafayev (Vaxtanq Potsixaşvili), Lalə Süleymanova (Markiza Natalya de Lafonje), Ləman İmanova (Hürü bəyim), Elsevər Rəhimov (Podpolkovnik Eristov), Elçin Nurəliyev (Podpolkovnik Pavlov), Əliulla Vəliyev (Mayor Lisaneviç), Kənan Hüseynov (Sarı Çoban), Muhuma Sahov (Leşgərnevis Rza), Rəvan Səmədov (Çapar), Rüfət Əhmədov (Əmir Həmzə) çıxış edirlər. 

Birhissəli (90 dəqiqə) tamaşa rejissor yozumundan aktyor oyununa, səhnə tərtibatından musiqi müşayiətinədək baxımlı alınıb və sonda səslənən sürəkli alqışlar da bunun təsdiqidir.