İyunun 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas-alim, Azərbaycan Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Qasım Qasımzadəyə həsr olunan elmi sessiya keçirilib.
Tədbir iştirakçıları əvvəlcə alimin həyat və fəaliyyətini əks etdirən, ədibin kitablarının nümayiş etdirildiyi sərgi ilə tanış olublar.
Elmi sessiya çərçivəsində “Qasım Qasımzadə. Zamansızlıqda”, “Qasım Qasımzadənin yaradıcılıq yolu”, “Ömrün əbədiləşən illəri” kitablarının təqdimatı da olub.
Tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq Azərbaycan ədəbiyyatında keçən əsrin 50-ci illər ədəbi nəslinin tanınmış nümayəndəsi olan Qasım Qasımzadəni yaradıcı ziyalı, əsl vətəndaş, görkəmli şair kimi xarakterizə edib, onun zəngin irsi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli Qasım Qasımzadənin bədii yaradıcılığında ideoloji meyillərin azlıq təşkil etdiyini, ədibin poeziyasında ardıcıl, fəal həyat mövqeyi və təbiiliyin aydın seçildiyini bildirib. Qeyd edib ki, Qasım Qasımzadə ədəbi gedişata bir şair, tənqidçi-ədəbiyyatşünas və publisist kimi gəlib, böyük tarixi dövrün ən xarakterik cəhətlərini, onun ideya-bədii axtarışlarını öz əsərləri ilə ehtiva edib. O, ədəbiyyatda gerçək sözü deməyi bacaran, vətəndaş mövqeli böyük şair olub.
Ədəbiyyat İnstitutunun inkişafında Qasım Qasımzadənin rolunu xüsusi qeyd edən akademik İsa Həbibbəyli şairin yaradıcılığının ən məhsuldar dövrünün bu elmi müəssisədə işlədiyi illərə təsadüf etdiyini söyləyib. O, Qasım Qasımzadənin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Sovet ədəbiyyatı şöbəsinə rəhbərlik etdiyini, yüksək insani keyfiyyətləri, böyük təşkilatçılıq və idarəçilik bacarığı ilə seçildiyini qeyd edib.
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Qasım Qasımzadə haqqında söz” adlı məruzəsini təqdim edib. Məruzəçi Qasım Qasımzadənin yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüb.
Dosent Qurban Bayramov “Elm təşkilatçısı, ictimai xadim”, filologiya elmləri doktoru Vaqif Yusifli “Qasım Qasımzadənin poeziyası”, dosent Safurə Quliyeva “Qasım Qasımzadənin publisistikası” adlı məruzələrlə çıxış ediblər.
Yazıçı, şair Seyran Səxavət, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli, Azərbaycan Milli Kitabxanasının baş biblioqrafı Mehriban Cəfərova çıxış edərək Qasım Qasımzadənin ömür yolu, şəxsiyyəti və ədəbi yaradıcılığı barədə fikirlərini bölüşüblər.
Çıxışlarda Qasım Qasımzadəyə həsr olunan yeni kitablardan da bəhs olunub. Bildirilib ki, nəşrlərdə Qasım Qasımzadənin ədəbi-ictimai mühitdə bir şair kimi tanındığı yaradıcılığının ilk dövrü şəxsi arxivindəki materiallar və ilk şeir kitabları əsasında təqdim olunub. Şairin bədii yaradıcılığının bənzərsiz ideya-bədii özəllikləri ilə yanaşı, dərin nəzəri tutumu olan ədəbi-tənqidi və elmi əsərləri əhatəli tədqiq edilib. Onun ədəbi-elmi, ictimai-siyasi görüşləri fonunda şairin yüksək mənəviyyatlı vətəndaş portreti yaradılıb.
Sonda ADA Universitetinin professoru Nəriman Qasımzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, atası ilə bağlı xatirələrini dilə gətirib.