İyunun 20-də Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun mükafatlandırma mərasimi keçirilib.

Tədbirə TÜRKSOY ilə yanaşı, Türkiyənin iki qeyri-hökumət təşkilatı – TEKAR (Türkiyə-erməni məsələsi araşdırmalar Fondu) və İLESAM (Elm və ədəbi əsər müəllifləri peşəkar Assosiasiyası) da dəstək verib.

TÜRKSOY baş katibinin müavini Sait Yusuf türk xalqlarının irsinin qorunub saxlanmasının və təbliğinin vacibliyini vurğulayaraq, təşkilatın türk mədəniyyətinin təbliğində missiyasından danışıb.

Ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyasında mədəniyyətlərarası əməkdaşlığın əhəmiyyətindən danışıb, Nizami Cəfərovun Azərbaycanda türkçülük ideyalarının yayılmasında xidmətlərini qeyd edib. Diqqətə çatdırılıb ki, görkəmli alim Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Atatürk Mərkəzinə 20 ildən çoxdur rəhbərlik edir. S.Abbasov akademikə Azərbaycan və bütün Türk dünyası mədəniyyəti naminə gələcək fəaliyyətində də uğurlar arzulayıb.

Azərbaycanlı alimə türk mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərə görə təşəkkür məktubu, plaket və TÜRKSOY sertifikatını təşkilatın baş katibinin müavini Sait Yusuf, eləcə də İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız və TEKAR-ın rəhbər Cemalettin Taşkıran təqdim ediblər.

Tədbir akademik Nizami Cəfərovun türk ölkələrinin türkoloq və ədəbiyyatşünaslarının təmaslarından bəhs edən çıxışı ilə yekunlaşıb. O, Ümummilli lider Heydər Əliyevin Türk dünyasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərini vurğulayıb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.