Sentyabrın 26-da AMEA-da “Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözündə 27 sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd edildiyini vurğulayaraq qeyd edib ki, bu tarixi gün 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək ölkəmizin işğala məruz qalmış ərazilərinin azad edilməsi yolunda şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Vətən müharibəsi son yüz ilin ən qısa və uğurlu, qalibiyyətlə bitən müharibəsidir. Bu Zəfər həm respublika, həm də beynəlxalq miqyasda Azərbaycanın strateji mövqelərinin güclənməsinə, regional sabitliyin təmin olunmasına və həmrəyliyin qorunmasına xidmət edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımızın düşmən işğalından azad edilməsi həm də Ulu Öndər Heydər Əliyevin arzusunun şərəflə yerinə yetirilməsidir.
Akademik İsa Həbibbəyli əlavə edib ki, bu müharibə hərb tarixində ən ədalətli müharibə kimi qəbul olunur və Vətən müharibəsində əldə olunan tarixi Zəfər beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyünün qorunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin Vaşinqton səfərinə toxunaraq imzalanmış Birgə Bəyannamənin tarixi əhəmiyyətini və regional əməkdaşlıq üçün açdığı yeni perspektivləri xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, bu, regionda sülhün və dayanıqlı sabitliyin təmin olunması istiqamətində mühüm addımdır. Sənəd ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və danışıqlar prosesinin yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.
Konfrans məruzələrlə davam edib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadə “Prezident İlham Əliyevin Vətən müharibəsində tarixi Zəfəri: siyasi-ideoloji baxış və strateji hədəflər” mövzusunda məruzə edib.
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Böyük Zəfərin start nöqtəsi - 27 sentyabr: tarix və müasirlik” mövzusunda çıxış edib.
Arxeologiya və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov institutun azad edilmiş ərazilərdə apardığı arxeoloji və antropoloji tədqiqatlara dair təqdimat edib. O, bu ərazilərdə ilk dəfə genişmiqyaslı radiokarbon analizlərinin həyata keçirildiyini, abidələrin xronologiyasının dəqiqləşdirildiyini qeyd edərək, Üzərliktəpə və Ağdam İmarət Kompleksində aparılan tədqiqatların maddi-mədəniyyət nümunələrinin öyrənilməsində mühüm nəticələr əldə etməyə imkan yaratdığını deyib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Tarixin və Zəfərin 44 anı” mövzusunda çıxış edərək Vətən müharibəsinin tarixi və mənəvi əhəmiyyətini, həmçinin bu Zəfərin Azərbaycan ədəbiyyatında və milli yaddaşda əks olunduğunu qeyd edib.
Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva isə “Azərbaycan teatrında Qarabağ mövzusu” məruzəsində teatr səhnəsində Qarabağ mövzusunun müxtəlif janrlarda və dövrlərdə necə əks olunduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər 27 Sentyabr - Anım Gününün Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yerini və bu günün milli yaddaşda daim yaşadılmasının əhəmiyyətini qeyd ediblər.