Tanınmış jurnalist, yazıçı, dramaturq, tərcüməçi Ağaddin Babayev 2025-ci il iyunun 21-də, 69 yaşında vəfat edib.
Ağaddin Abdulla oğlu Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini teatrşünaslıq ixtisası üzrə bitirib. Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri işləyib.
Pedaqoji fəaliyyətlə də məşğul olub. Lənkəranın Şağlaser və Xarxatan kənd məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib.
Jurnalist kimi uzun illər "Lənkəran" qəzeti redaksiyasında çalışıb, "Bakinski raboçi" qəzetinin, APA informasiya agentliyi və APA TV-nin bölgə müxbiri olub, yazıları digər mətbu orqanlarda, o cümlədən “Mədəniyyət” qəzetində dərc olunub.
Hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri dövri mətbuatda işıq üzü görüb. Publisistik yazıları kitab şəklində nəşr edilib. Bir neçə pyesi və tərcüməsi Lənkəran, Mingəçevir, Şuşa, Salyan (Kukla) teatrlarında tamaşaya qoyulub.
Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü idi.
Ağaddin Babayev doğulub boya-başa çatdığı Şağlaser kəndinin qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin.