İyunun 21-də Azərbaycan Turizm Bürosu ilə Albaniya Milli Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə anlaşma memorandumu imzalanıb.
Dövlət Turizm Agentliyinnin yaydığı məlumata görə ki, sənədi onlayn rejimdə Azərbaycan Turizm Bürosu İdarə heyətinin sədri Florian Zenqstşmit və Albaniya Milli Turizm Agentliyinin baş direktoru Zana Çela imzalayıblar.
Memorandum turizm subyektləri arasında əməkdaşlıq, qarşılıqlı təbliğat, yeni təşəbbüslərin dəstəklənməsi, mədəniyyətlərarası dialoq və dayanıqlı turizmin inkişafını hədəfləyir. Sənəddə COP29 (2024) çərçivəsində qəbul olunmuş iqlim fəaliyyəti prinsiplərinə uyğun olaraq ekoloji cəhətdən məsuliyyətli turizm təşəbbüslərinin dəstəklənməsi, dənizkənarı və dağlıq ərazilərdə ilboyu turizmin inkişafı prioritetlər sırasındadır.
Memorandumda ölkələrin turizm potensialının tanıdılması və qarşılıqlı turist axınının artırılması məqsədilə məlumat və təcrübə mübadiləsi, marketinq əməkdaşlığı, peşəkar bacarıqların artırılması, turizm yarmarkaları, ixtisaslaşmış “turizm günləri”, təlim, sərgi və forumların təşkili, media nümayəndələri üçün tanıtım turlarının keçirilməsi kimi birgə fəaliyyətlər də əksini tapıb.