Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər Qarabağ bölgəsində davam edir.
Festivala Qarabağ regionunda 24 nominasiya üzrə 644 məktəbli qatılıb. İkinci mərhələ üzrə seçimlər Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbində keçirilir.
Festivalın ikinci mərhələsi üzrə seçimlərdə ən çox nümayəndə ilə iştirak edən rayon və şəhərlər sırasında Bərdə də var. Bərdə Uşaq incəsənət məktəbinin nümayəndəsi Ləman Həsənovanın sözlərinə görə, builki festivala rayondan 100-dən çox şagird iştirak edir.
Münsiflər heyətinin üzvü Məhbubə Əliyeva bildirib ki, festival uşaqların gələcək həyatında böyük rol oynayacaq. Bütün iştirakçılar festivala çox böyük həvəs və məsuliyyətlə hazırlaşıblar. Hər bir iştirakçıya çıxışlarının cavabları elektron qaydada portal vasitəsilə yönləndirilir.
Qarabağ bölgəsi üzrə festivalın II mərhələsinin seçim turları avqustun 25-dək davam edəcək.