Avqustun 15-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin (16.8.1925 – 13.2.2009) 100 iliyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının sevimli şairi olduğunu söyləyib. Direktor şairin 100 illik yubileyi haqqında Prezident İlham Əliyevin 21 fevral 2025-ci il tarixdə imzalandığı sərəncama müvafiq olaraq Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi tədbirlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Milli Kitabxana tərəfindən “Bəxtiyar Vahabzadə. Biblioqrafiya” kitabı hazırlanır.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə qeyd edib ki, Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti yaşadıqca Bəxtiyar Vahabzadənin irsi də ədəbiyyat tariximizin ən parlaq səhifələrindən biri kimi yaşayacaq.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Esmira Fuad (Şükürova) çıxışında Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi, türkçülük ideyaları, onun Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə bəhs edib.
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli Bəxtiyar Vahabzadənin XX-XXI əsr Azərbaycan poeziyasının nadir simalarından biri olduğunu söyləyib.
Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazası təqdim edilib.
İştirakçılar “Xalq şairi Bəxtiyar Vahabzadə - 100” adlı ənənəvi kitab sərgisi ilə də tanış olublar.