Xəbəe verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 17-22 iyun tarixlərində keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub.
İki turdan ibarət müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən (Sincan Uyğur bölgəsi) ümumilikdə 31 gənc ifaçı qatılıb.
Beynəlxalq münsiflər heyətinin qərarı ilə ikinci tura 14 iştirakçı vəsiqə qazanıb.
Final mərhələsində onların sırasından 6 ifaçı müsabiqənin qalibi olub.
Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Farangiz Mahmudova isə (Özbəkistan) 1-ci yerə layiq görülüblər.
Ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin baş mükafatını – Qran-prini qazanıb.
Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı Çinin Sincan Uyğur bölgəsindən musiqi qrupuna təqdim edilib.
Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub.
Müsabiqə laureatlarının qala konserti iyunun 22-də Ağdam Muğam Mərkəzində keçiriləcək.