Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədə ADU-dan məlumat verilib.

ADU-nun rektoru akademik Kamal Abdulla görüşdə Azərbaycan-Belarus əlaqələrindən söz açıb. Qeyd edib ki, bizi bir-birimizə möhkəm dostluq münasibətləri bağlayır: "Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət sahələrində də əlaqələr inkişaf etməkdədir. ADU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyəti Mərkəzi əlaqələrimizin qurulması baxımından mühüm əhəmiyyətə malikdir. ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərirlər”.

Qonağa ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib. Rektor səfiri ADU-nun “Məzun günü”nə dəvət edib.

Səfir Dmitri Pineviç ADU-nun beynəlxalq nüfuzundan söz açıb. Qeyd edilib ki, ölkələrimiz arasında tarixən dostluq və tərəfdaşlıq münasibətləri mövcud olub. Bu münasibətlər özünü elm, mədəniyyət sahələrində ən yaxşı tərəfdən göstərməkdədir.

Diplomat ADU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzi ilə tanış olub. Mərkəzin müdiri Sergey Klimov bu məkanda sərgilənən Belarus mədəniyyəti nümunələri haqqında məlumat verib, keçirilən tədbirlər barədə danışıb.