Tanınmış şair-dramaturq, tərcüməçi, pedaqoq, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illiyinə həsr edilmiş tədbir keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəki elinin görkəmli şəxsiyyətləri, istedadlı insanları ilə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixində önəmli rol oynadığını diqqətə çatdırıb, belə şəxslərdən birinin də istedadlı qələm ustası Vaqif Aslan olduğunu bildirib. Vaqif Aslanın şairliyi ilə yanaşı, dramaturq, tədqiqatçı və tərcüməçi kimi də tanındığını qeyd edən icra hakimiyyətinin başçısı onu yubileyi münasibətilə şəhər ictimaiyyəti adından təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, filologiya elmləri doktoru İslam Sadıq, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Fariz Yunisli, Azərbaycan Yazıçılar Birliyi Poeziya şöbəsinin müdiri İbrahim İlyaslı, fizika üzrə fəlsəfə doktoru, şair Fikrət Əsgərov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və başqaları çıxış edərək Vaqif Aslana təbriklərini çatdırıb, şairin yaradıcılığını, pedaqoji fəaliyyətini yüksək dəyərləndiriblər.

Tədbirdə həmçinin şairin 75 illik yubileyi münasibətilə Mahmud Kaşqarlı adına Beynəlxalq Fondun layihəsi əsasında hazırlanmış “Ruhlarla danışan adam” kitab haqqında məlumat verilib. Bildirilib ki, kitabda elm, ədəbiyyat və mədəniyyət adamlarının, ictimai xadimlərin şairin yaradıcılığı ilə bağlı məqalələri yer alıb. 

Sonra Vaqif Aslana Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı, Mahmud Kaşqarlı adına Beynəlxalq Fondun medalı və xatirə hədiyyələri təqdim olunub.

Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın yubilyara təbrik məktubu oxunub.

Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. 

Tədbirin bədii hissəsində Vaqif Aslanın şeirləri səsləndirilib, həmçinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq musiqi məktəbinin təqdimatında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.