Mərakeşin gənc istedadı, virtuoz pianoçu Mahmud əl-Musaui (Mahmoud El Moussaoui) iyunun 11-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etdi.
Mərakeş Krallığının Azərbaycandakı Səfirliyinin təşkil etdiyi konsert, klassik musiqi həvəskarlarına yüksək zövq bəxş etməklə yanaşı, dost ölkənin musiqi mədəniyyəti ilə tanışlıq imkanı da yaratdı.
Konsertdən öncə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxış edərək ölkəsinin birgəyaşayış və mədəniyyətlərarası dialoq kimi dəyərlərə xüsusi önəm verdiyini vurğuladı. Bildirdi ki, Kral VI Məhəmmədin rəhbərliyi altında Mərakeş sivilizasiyalararası dialoqun və mədəni-dini tolerantlığın təşviq edildiyi ölkə kimi incəsənət vasitəsilə də öz missiyasını – Afrika, Avropa və Ərəb dünyasının sülh və qarşılıqlı anlaşma şəraitində qovuşduğu körpü rolunu uğurla davam etdirir.
Diplomat qeyd etdi ki, Bakıda təqdim olunan konsert proqramı da bunun təcəssümüdür. Musiqi proqramının müxtəlifliyi – klassik ənənələrdən tutmuş müasir ifadə formalarına qədər – sözsüz, lakin emosiyalarla, yaradıcılıqla və dərin mənalarla zəngin dialoqun nümunəsidir.
Tədbirin təşkilinə töhfə verən tərəfdaşlara, o cümlədən Beynəlxalq Muğam Mərkəzinə minnətdarlığını ifadə edən səfir sənət axşamının qəhrəmanı – Mahmud əl-Musaui haqqında da auditoriyaya məlumat verdi.
Məlum oldu ki, 1999-cu ildə Mərakeşin Kenitra şəhərində doğulan Mahmud yeniyetmə yaşlarından özünü müstəsna bir istedad kimi təsdiqləyib. Şahzadə Lalla Meryem adına Beynəlxalq Piano Müsabiqəsində birinci mükafat da daxil olmaqla, nüfuzlu mükafatlara layiq görülüb. Avropada və Yaxın Şərqdə bir çox səhnələrdə çıxış edən pianoçu eyni zamanda Strasburq Biznes Məktəbinin məzunudur.
Sonra səhnəyə çıxan Mahmud əl-Musaui XVIII İtaliya barokkosunun nümayəndəsi Domeniko Skarlattindən (Domenico Scarlatti) XX əsr klassik musiqisinin görkəmli simaları Sergey Prokofyev və Qara Qarayevin yaradıcılığınadək yeddi nümunədən ibarət seçkin repertuar təqdim etdi.
Proqramda Avstriya bəstəkarı Yozef Haydn, fransız bəstəkarı Klod Debüssi (Claude Debussy), alman bəstəkarı Robert Şuman (Schuman) və müasir Mərakeş bəstəkarı Nabil Ben Abdeljalilin əsərləri də yer almışdı.
Pianoçu hər musiqi nömrəsindən öncə bəstəkarların yaradıcılığı və ifa edəcəyi əsər barədə tamaşaçılara qısa məlumat da verdi. Onun “Azərbaycan klassik musiqisinin titanı” kimi təqdim etdiyi Qara Qarayevin “Eskiz” əsərini xüsusi şövqlə ifa etməsi sürəkli alqışlarla qarşılandı.
Bakının yay axşamında sənətsevərləri klassik musiqinin ecazkar aləminə səyahətə götürən mərakeşli pianoçu mədəniyyət və incəsənətlə qurulan dialoqun nə qədər təsirli və yaddaqalan olduğunu bir daha nümayiş etdirdi.
Vüqar Orxan