
Bu il görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyidir. Sənətkarın 200 illiyi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə qeyd olunur.
Yubileylə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mirzə Qədim İrəvaninin zəngin irsindən bəhs edən materiallar hazırlanıb.
“Azərbaycan dəzgah boyakarlığının banisi – İrəvani” adlı videomaterial və “Mirzə Qədim İrəvani - 200” adlı elektron resurslar bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Videomaterialda görkəmli rəssamın gənclik illəri, yaradıcılıq nümunələri haqqında geniş məlumat verilir, onun Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyduğu, yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə yaşatdığı qeyd edilir. Materialda Qərbi Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin çəkdiyi rəsmlər də nümayiş olunur.
Elektron resurslar bazasında isə internet məkanında görkəmli rəssam haqqında dərc edilən materiallar toplanılır. Baza müntəzəm yenilənir.