Tarixdəki olaylar

 

13 iyun 1796 – Azərbaycanın şimal torpaqlarına yürüş edən general Valerian Zubovun komandanlığı altındakı rus qoşunları Bakını ələ keçiriblər. İşğal uzun çəkmədi və həmin ilin noyabrında II Yekaterinanın ölümündən sonra taxta çıxan oğlu I Pavel ordunu geri çağırdı. Ruslar 1797-ci ilin martında Bakını tərk etdilər. Bir neçə ildən sonra (1804) Rusiyanın Azərbaycana növbəti və bu dəfə uzunmüddətli işğalçılıq yürüşü başladı.

 

13 iyun 1934 – Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək yazıçılar ayrı-ayrı ədəbi birliklərdə fəaliyyət göstərirdilər.

 

13 iyun 1993 – Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Prezident Əbülfəz Elçibəy parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsə də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev həmin gün Gəncəyə yola düşüb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 iyun 1865 – İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1923) Vilyam Yits (William Butler Yeats; 1865 – 28.1.1939) anadan olub.

 

13 iyun 1927 – Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 – 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (qonaqlıq səhnəsi) çəkilib.

 

13 iyun 1944 – Əməkdar artist, arfa ifaçısı Çiçək Məmmədhüseyn qızı Rzayeva (1944 – 15.9.2021) Bakıda doğulub. 50 ildən çox Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub.

 

13 iyun 1993 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əli oğlu Əlili (7.11.1898 – 1993) vəfat edib. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.

Hazırladı: Vüqar Orxan