17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramı günüdür.

17 iyun “Dünya səhralaşma və quraqlıqla mübarizə günü”dür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.

 

Tarixdəki olaylar

 

17 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təşkil olunub, Xudadat bəy Rəfibəyli səhiyyə naziri təyin edilib. Prezident Heydər Əliyevin 4 iyun 2001-ci ildə imzaladığı sərəncamla 17 iyun Azərbaycanda tibb işçilərinin peşə bayramı günü elan olunub.

 

17 iyun 1944 – Danimarka ilə İslandiya arasında uniya (ittifaq) sona çatıb. Hər iki ölkədə keçirilən referendum nəticəsində İslandiya müstəqil respublika elan olunub. Buzlaqlar ölkəsi İslandiya (ərazisi 103 min kvadrat kilometr) XIV əsrin sonundan Danimarkanın hökmranlığı altında idi. Uniya isə 1918-ci ildə yaradılmışdı.

 

17 iyun 1992 – Azərbaycan Respublikası ilə Belçika Krallığı (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

17 iyun 1993 – Prezident Əbülfəz Elçibəy respublikanın rəhbər şəxslərini xəbərdar etmədən gecə bir qrup AXC fəalı ilə Bakını tərk edib və Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hadisə ölkədə hakimiyyət böhranını daha da dərinləşdirib. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Ali Sovetin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

17 iyun 1818 – Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod; 1818 – 18.10.1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.

 

17 iyun 1882 – Rus bəstəkarı, dirijor, pianoçu İqor Fyodoroviç Stravinski (1882 – 6.4.1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu” baletlərinin, “Bülbül” operasının müəllifidir.

 

17 iyun 1926 – Xalq rəssamı Elbəy Həsən oğlu Rzaquliyev (1926 – 15.9.2007) anadan olub. Əsərləri bir sıra xarici ölkələrdə sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

17 iyun 2020 – Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov (1.5.1941 – 2020) vəfat edib. 20-dən çox filmin (“Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s.) quruluşçu rəssamı olub.

Hazırladı: Vüqar Orxan