Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konsert keçirilib.

Xətai rayon Heydər Əliyev parkında təşkil olunan tədbirdə rəsmilər, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, Milli Müdafiə Universitetinin kursantları, sakinlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında danışılıb. Vurğulanıb ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Ulu öndərin görmək istədiyi Azərbaycandır.

Sonra tanınmış incəsənət xadimlərinin, gənc ifaçıların iştirakı ilə vətənpərvərlik ruhlu mahnılardan ibarət konsert proqramı təqdim edilib.