Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası iyunun 15-də Yasamal rayon Heydər Əliyev Mərkəzində şair, publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir təşkil edib.                                                        

Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova giriş sözündə tədbirin Milli Qurtuluş Gününə təsadüf etdiyini vurğulayaraq qeyd edib ki, 32 il öncə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin adı Azərbaycanın yeni tarixinə müstəqilliyimizin xilaskarı kimi yazılıb.

Sonra Lətifə Məmmədova Vaqif Bəhmənlinin yaradıcılığı və yeni nəşr olunmuş kitabları haqqında məlumat verib.

Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli çıxışında qeyd edib ki, Vaqif Bəhmənli yaradıcılığında insanın hiss və duyğularını ən gözəl ifadə edən şairlərdəndir. “Bir şair ki, Allahın ətəyindən yapışmaq üçün sözdən nərdivan düzəldir, bütün dünyanı gözəl görür və onu beynində yaradaraq şeirlərində ifadə edir, bizim düşüncə tərzimizi genişləndirir, əlbəttə ki, bu fövqəladə bir istedaddır. O yaradıcılığında səmimidir, dürüstdür, insanlara əxlaq aşılayandır, insana ən gözəl duyğuları yaşadandır”, – deyə o bildirib.

Yazıçı, şair Gülnur Aslan, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, filologiya elmləri doktoru, yazıçı-publisist Esmira Fuad, şair Ağacəfər Həsənli, uşaq yazıçısı, şair Gülzar İbrahimov, Norveçdə yaşayan həmvətənlimiz Günay Əliyeva, şairlər Oqtay Abbasov, Tofiq Nurəli, Qadir Hüseynov, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı çıxış edərək Vaqif Bəhmənlinin yaradıcılıq məziyyətlərindən danışıb, yubilyara xoş sözlərini bildiriblər.

Vaqif Bəhmənlinin həyat yoldaşı yazıçı Rəhilə Gülgün tədbir iştirakçılarına ürək sözlərini söyləyib və şairlə qürur duyduğunu bildirib.                                                                                    

Vaqif Bəhmənli tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib, poeziyasından nümunələr söyləyib.        

Yubilyara M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın “Fəxri oxucu” diplomu təqdim edilib.

Tədbirin bədii hissəsində 225 №-li tam orta məktəbin, 147 №-li Texniki-humanitar liseyin, 20 №-li məktəbin şagirdləri Vaqif Bəhmənlinin şeirlərini qiraət ediblər. Xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri oxucusu Maya Cəbrayılova və Xan Şuşinski adına Ağdam musiqi məktəbinin şagirdləri mahnı və muğam parçaları oxuyublar. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşaiyət edib.

Sonda Vaqif Bəhmənli tədbir iştirakçılarına yeni nəşr olunmuş kitablarını hədiyyə edib.