Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) 2025-ci il üzrə dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin 1-ci mərhələsi başa çatıb.

Bu ilin 15 aprel tarixindən iyunun 12-dək Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən 41 istehsalçı şirkət tərəfindən ümumilikdə 88 layihə müsabiqəyə təqdim edilib. Onlardan 24-ü tammetrajlı bədii, 21-i qısametrajlı bədii, 15-i animasiya, 14-ü sənədli, daha 14-ü isə bədii-sənədli film layihəsidir.

Beynəlxalq müştərək istehsalı planlaşdırılan 9 layihədə Türkiyə, Macarıstan, Serbiya, Gürcüstan, Koreya, Pakistan, Hindistan, Finlandiya, Estoniya, Qazaxıstan və Çex Respublikası olmaqla ümumilikdə 11 xarici ölkədən olan prodüser mərkəzinin iştirakı nəzərdə tutulur.

Müsabiqənin 2-ci mərhələsində təqdim edilmiş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi və iqtisadi göstəricilərin dəyərləndirilməsi müvafiq sahədə fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil edilmiş Seçim komissiyası tərəfindən həyata keçiriləcək.

Müsabiqənin 2-ci mərhələsi 15 iyul 2025-ci il tarixində yekunlaşacaq.