Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə ölkə ərazisində xarici filmlərin istehsalının təşviqi məqsədilə aidiyyəti dövlət qurumları və yerli film sənayesi nümayəndələri ilə görüş keçirilib.

ARKA-nın baş direktoru Rəşad Əzizov Azərbaycanda xarici filmlərin çəkilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. O, yerli və xarici istehsalçılar üçün yaradılan imkanlar barədə məlumat verərək bildirib ki, yaxın zamanlarda istifadəyə veriləcək filmcommission.gov.az portalı vasitəsilə prodüserlər dövlət dəstəyi alətlərindən daha operativ və şəffaf şəkildə faydalana biləcəklər.

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən 29 may 2025-ci il tarixində “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalanıb. Bu sənədin əsas məqsədi Azərbaycanı beynəlxalq film istehsalı üçün cəlbedici məkana çevirmək və yerli film sənayesinin potensialını artırmaqdır.

Bildirilib ki, ARKA tərəfindən bu sahədə beynəlxalq təcrübəyə əsaslanan islahatlar aparılır və ölkəmizin film məkanı kimi tanıdılması istiqamətində işlər davam etdirilir.