Qazax Rayon İcra Hakimiyyətinin və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşun əbədi müəllifi” adlı tədbir keçirilib. 

Çıxışlarda Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün müstəqillik tariximizdə müstəsna yeri olduğu vurğulanıb. Bildirilib ki, 1993-2003-cü illərdə Azərbaycandakı sabitlik və inkişaf bugünkü reallıqların bünövrəsidir. Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin görmək istədiyi – ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır.

Tədbir rayon Mədəniyyət Mərkəzinin qarşısında bədii proqramla davam edib.

Qazax şəhər Səməd Vurğun adına orta məktəbin şagirdləri Banu Səmədli və Əli Səmədli Ulu öndərə və müstəqil Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər. Gənc ifaçılar Nicat Zeynallı, Gülnar Mədətova, Vüsal Osmanlı, Nəsimi Kamaloğlu, Zəmanə Dərviş və Məhəmməd Budaqov oxuduqları mahnılarla hər kəsə xoş ovqat bəxş ediblər. Aşıq Camoy Qurbanov sazda ifası ilə tədbirə rəng qatıb. “Zəfər” ritm qrupunun ifasında “Cəngi” havası da alqışlarla qarşılanıb.