Azərbaycan “Orta Dəhliz”ə sadəcə nəqliyyat marşrutu kimi deyil, daha geniş mənada mədəniyyətlərarası dialoqun bir forması kimi baxır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikirləri 12–14 iyun tarixlərində Praqa şəhərində keçirilən “GLOBSEC Forum 2025” çərçivəsində təşkil olunmuş “Orta dəhliz: Yeni geosiyasi və geoiqtisadi həyat xətti”(The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) adlı paneldə çıxışı zamanı bildirib.

Hikmət Hacıyev qeyd edib ki, yollar Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsidir və ölkəmiz tarixən İpək Yolunun üzərində yerləşərək bu dialoqun fəal iştirakçısı olub. O vurğulayıb ki, coğrafi mövqe olaraq şərq-qərb və şimal-cənub kəsişməsində yerləşməyimiz vacib olsa da, Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu potensialı reallaşdırmaq üçün praktiki addımlar atması əsas məsələ olub: “Biz quru ilə əhatələnmiş ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq”.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın bununla bağlı gördüyü işlər bir neçə əsas istiqaməti əhatə edir. İlk olaraq enerji sahəsində Bakı-Tbilisi-Ceyhan və digər boru kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən enerji dəhlizləri yaradılıb. Daha sonra ölkə daxilində avtomobil yolları və magistrallar inşa edilib və bunlar qonşu ölkələrlə də əlaqələndirilib.

O, həmçinin Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor kimi dəyərləndirildiyini, Mərkəzi Asiya ölkələri ilə dəniz nəqliyyatı vasitəsilə əməkdaşlıq qurulduğunu bildirib. Bununla yanaşı, hava nəqliyyatı sahəsində “hava İpək yolu” anlayışı formalaşdırılıb, Azərbaycanda hazırda 9 hava limanı fəaliyyət göstərir.

Hikmət Hacıyev çıxışında “Rəqəmsal İpək Yolu” təşəbbüsündən də danışıb. O bildirib ki, Azərbaycan hazırda qazaxıstanlı tərəfdaşlarla birlikdə Avrasiya qitəsi boyunca, Xəzər dənizi vasitəsilə yüksəksürətli internet bağlantısı qurur. Eyni zamanda, Xəzər dənizi regionunun bərpaolunan enerji potensialının Qara dəniz üzərindən Avropaya daşınması istiqamətində “bərpaolunan enerji dəhlizi” üzərində iş aparıldığını deyib.

“Bütün bu təşəbbüslər Azərbaycanın Şərq-Qərb bağlantısı və ümumilikdə əlaqəlilik konsepsiyasına verdiyi strateji töhfənin tərkib hissəsidir”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi Zəngəzur nəqliyyat dəhlizi məsələsinə də toxunub. Bildirib ki, Azərbaycan regionda təhlükəsizlik və sabitliyi təmin edib: “Ermənistan da regional əməkdaşlıq və nəqliyyat bağlantılarının bir hissəsinə çevrilə bilər”.

Qeyd edib ki, hazırda Ermənistanla da danışıqlar aparılır və Azərbaycanın məqsədi regionda heç kimi təcrid etmək və ya kənarda saxlamaq deyil: “Lakin bu prosesdə Ermənistan tərəfindən də konkret addımlar atılmalıdır. Ermənistan Naxçıvanı 30 il müddətində blokadada saxlayıb. Biz gözləyirik ki, Ermənistan ilk növbədə Zəngəzur dəhlizi istiqamətində mühüm bir addım atsın. Bilirəm ki, erməni tərəfi dəhliz sözündən narahat olur. Həmişə zarafatla deyirəm ki, mən Azərbaycanın bütün ərazisinin dəhlizə çevrilməsini istərdim. İstəyirlər yol desinlər, keçid desinlər, fərq etməz, amma əsas məsələ Naxçıvanla birbaşa bağlantının qurulmasıdır”.

Hikmət Hacıyev vurğulayıb ki, Naxçıvana nəqliyyat bağlantısı yaradıldıqdan sonra bu, Ermənistan üçün də yeni imkanların açılmasına səbəb ola bilər: “Biz istəyirik ki, Ermənistan da regional nəqliyyat şəbəkəsinin əsas axınının bir hissəsinə çevrilsin".