Qarabağ Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliiyindəki Tərtər rayon Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydandakı abidəsini ziyarət ediblər.
Mədəniyyət mərkəzinin foyesində Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxış olub.
“Qurtuluşdan Zəfərə aparan yol” mövzulu konfransda çıxış edənlər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıblar.
Bildirilib ki, 1993-cü ilin iyununda ölkənin düşdüyü ağır vəziyyət, vətəndaş qarşıdurması və dövlətçiliyin süqutu təhlükəsi fonunda xalqın çağırışı ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir tariximizin qürur səhifəsidir. Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizdə dövlətçiliyin əsasları möhkəmləndirilib, siyasi sabitlik təmin olunub, iqtisadi və sosial inkişafın bünövrəsi qoyulub. Ulu öndər tərəfindən əsası qoyulan siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədyönlü siyasət sayəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə çatıb, ərazi bütövlüyünü bərpa edərək suveren dövlət kimi tarixə imza atıb.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar, hədiyyələr təqdim edilib.
Sonda Qarabağ RMİ-nin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramı nümayiş olunub.