Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti keçirilib.

Konsert Xalq artisti, dirijor Fəxrəddin Kərimovun iyunun 21-də qeyd ediləcək 70 illik yubileyinə həsr olunub. 

Dirijor pultu arxasında yubilyar özü dayanıb.

Konsertdən əvvəl maestroya təbrik çıxışları səslənib. 

Azərbaycan Kamera Orkestrinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova yubilyara xoş sözlərini bildiriblər. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin adından təbrik məktubunu maestroya ittifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova təqdim edib.

Maestro yubiley konserti üçün rəngarəng proqram tərtib etmişdi.

Mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, xarici ölkə diplomatlarının da olduğu auditoriya konserti alqışlarla qarşılayıb.

“Maestro Kərimovun yaradıcılıq karyeramda böyük rolu olub. Onun təşəbbüsü, rəhbərliyi və son dərəcə dəqiq, yüksək peşəkarlıq işi sayəsində biz bir sıra layihələr həyata keçirdik, onların bəziləri Bakı premyerası oldu. O cümlədən çox böyük sayda birgə opera və vokal simfonik musiqisi konsertləri keçirdik. Bu yubiley konsertində qürur hissi ilə maestro Fəxrəddin Kərimovla səhnəni bölüşdüm və ona cansağlığı və uzun ömürlü yaradıcılıq arzulayıram”, - deyə Əməkdar artist Fəridə Məmmədova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Əməkdar artist İlham Nəzərov maestro Fəxrəddin Kərimovla tanışlığından danışıb: “Bizim onunla tanışlığımız 2006-cı ildə baş verib. O mənə üçüncü kursda dərs deyirdi və artıq dördüncü kurs tələbəsi kimi Motsartın “Fiqaronun evlənməsi” operasında qraf Almaviva partiyasını ifa etdim, dirijor və prodüser maestronun özü idi.

Açıq qürur hissi ilə qeyd edirəm ki, maestronu iyirmi ilə yaxındır tanıyıram və onunla müxtəlif konsert proqramlarında, tədbirlərdə çıxış etmişəm. Şadam ki, bugünkü konsert bu xoş ənənəni davam etdirdi və maestro mənə Desyatnikovun Azərbaycanda ilk dəfə səsləndirilmiş maraqlı “Qurğuşun əks-sədası” əsərini ifa etməyi etibar etdi. Bu, çox böyük şərəfdir!”.

Proqramda D.Şostakoviçin fortepiano və orkestr üçün 1 №-li konserti də yer almışdı. Solistlər maestronun həyat yoldaşı Yuliya Kərimova (fortepiano) və bu konsert üçün Moskvadan gəlmiş Ənvər Kərimov (truba) idi.

“Maestro Fəxrəddin Kərimovun yubiley konsertində iştirak etmək təklifini böyük məmnuniyyətlə qəbul etdim”, - deyə beynəlxalq müsabiqələr laureatı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Q.P.Vişnevskaya adına Opera Mərkəzinin orkestrinin solisti Ənvər Kərimov bildirib.

“Doğma səhnədə gözəl musiqiçilər Yuliya Kərimova, eləcə də Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artistləri ilə çıxış etmək mənim üçün böyük sevincdir. Belə bir peşəkar musiqiçi və dirijorla məşq prosesi məni çox təsirləndirdi və mənə böyük həzz verdi. Konsertin özü isə Maestronun peşəkarlığının, yüksək ustalıq səviyyəsinin əyani təsdiqi oldu, burada həm konsert iştirakçılarının özləri, həm də tamaşaçılar onun dirijorun pultu arxasında qüsursuzluğunun şahidi oldular. Bu fürsətdən istifadə edərək, öz adımdan maestroya uzun və səmərəli ömür arzulayıram”, - deyə o əlavə edib.

Fəxrəddin Kərimov qırx ildən artıqdır ki, müxtəlif orkestrlərə və teatrlara dirijorluq edir. O, uzun və məhsuldar karyerası ərzində Rusiya, Polşa, Rumıniya, Almaniya, Niderland, İsveçrə, Fransa, Yunanıstan, Türkiyə, Yaponiya və s. ölkələrdə konsert və festivallarda iştirak edib. 

Musiqi sənətindəki xidmətlərinə görə 2008-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2015-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.