1993-cü ilin 15 iyun tarixi – Azərbaycan xalqı üçün sadəcə bir siyasi dönüş yox, eyni zamanda mənəvi dirçəlişin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıtması, dövlətçiliyimizin xilası və müstəqilliyimizin qorunması üçün tarixi məsuliyyəti öz üzərinə götürməsi yalnız həyatın bütün sahələrində, o cümlədən Azərbaycan incəsənətində yeni mərhələnin başlanğıcı oldu...

Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, milləti yaşadan yalnız onun torpağı deyil, eyni zamanda onun ruhu, tarixi, sənətidir. Məhz bu baxışdan çıxış edərək demək olar ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan rəssamlarının sənət ruhunu da dirçəltdi.

Sənət azad nəfəs, sərbəst düşüncə tələb edir. Bu baxımdan müstəqillik dövründə Azərbaycan təsviri sənətində milli motivlərə, qədim motivlərə, miniatür sənətinə, xalça ornamentlərinə dönüş başlandı. Bu, sadəcə estetik seçim deyil, milli kimliyin rəssamlıq dili ilə bərpa olunması idi. O illərə qədər çox zaman ideoloji məhdudiyyətlər və inzibati təzyiqlərlə üz-üzə qalan sənətkarlar artıq öz iç səsini dinləməyə, xalqının taleyini rənglərlə ifadə etməyə başladılar. Xalqın ağrısı da, sevinci də, tarixi də tablolara köçürüldü…Hər bir fırça toxunuşu vətənə sevginin, milli birliyə və gələcəyə inamın simvoluna çevrildi.

Azərbaycanın tarixi şəxsiyyətləri, dövlətçilik ənənələri, qəhrəmanlıq motivləri rəsm əsərlərində geniş yer almağa başladı. Bu əsərlərlə xalqın yaddaşını möhkəmləndirən vizual tarix yaranırdı. Rəssam artıq sadəcə sənətkar deyil, həm də xalqın ruhi dirçəlişində iştirak edən bir fikir daşıyıcısı idi. Onların ərsəyə gətirdiyi rəngarəng əsərlər sadəcə qalereyada sərgilənən tablo yox, millətin qürur hissinə çevrilə biləcək estetik bəyanat idi.

90-cı illərdə mədəniyyətimizin böyük qayğıkeşi, himayədarı Heydər Əliyevin təşəbbüsü ilə rəssamların fəaliyyətini stimullaşdırmaq üçün dövlət sərgiləri, muzey layihələri, beynəlxalq sərgi imkanları genişləndi. Bu həm sənətkarın, həm də milli sənətin dünyaya çıxışı demək idi.

Milli Qurtuluş Günü incəsənətdə tabloların, heykəllərin, teatr və musiqi əsərlərinin mövzusu kimi bədiiləşdirilib, ədəbiyyatda poetik dillə əbədiləşdirilib. Azərbaycan rəssamları bu mövzuda əsərlərdə yalnız tarixi hadisəni deyil, onun ruhunu – milli qurtuluşun gətirdiyi mənəvi azadlığı, sabitliyi və ümumxalq birliyini də tərənnüm ediblər. Heykəltəraşlıq nümunələrində xalqın əzmi, tabloların rənglərində vətənin ruhu yaşayır.

Milli qurtuluş ideyasının davamlılığı üçün vacib amillərdən biri isə sənətdə gənc nəslin yetişdirilməsi idi. Azərbaycan Rəssamlıq Akademiyası və digər sənət təhsil ocaqlarında yaradılan mühit, bu gün müasir sənətçilərimizin uğurunun əsasını təşkil edir.

Heydər Əliyev deyirdi: “Əgər xalq öz mədəniyyətini yaşadırsa, demək ki, onun gələcəyi var...”. Milli mədəniyyətin, incəsənətin daşıyıcısı kimi rəssamın da işi yalnız tablo çəkmək deyil, xalqın tarixi yaddaşını formalaşdırmaq, milli kimliyi qorumaq və gələcək nəsillərə rənglərin, sənətin dilində çatdırmaqdır. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan təsviri sənəti məhz belə bir yoldadır. Sənətlə milli dəyərlərin, milli ruhun birləşdiyi yol...

Ziyarət Cabarova-Qəhrəmanova

sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi