Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) peşə bayramı, 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ənənəvi illik mükafatının qaliblərini elan edib.

İttifaqın katibliyinin qərarına əsasən, 2025-ci il üçün AKİ-nin mükafatına dörd nəfər layiq görülüb:

Pərviz Həsənov – “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə;

Daniel Quliyev – “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə;

Səbuhi Atababayev – “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə; 

Fehruz Şamıyev – beynəlxalq film festivallarının təşkili, kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə.

Xatırladaq ki, AKİ-nin mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə verilir. Mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir.

Nominantların seçimini apararkən AKİ katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir. Bu vaxta qədər bir çox tanınmış simalar mükafata layiq görülüblər.