Beynəlxalq Muğam Mərkəzində görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin son illərdə çap olunmuş kitablarının təqdimatı keçirilib.
Tədbir iştirakçıları şairin yaradıcılıq irsini əks etdirən “Türkün şərəfli oğlu”, “Göyüzünə yazılanlar”, “Göyüzüylə söhbətlər” kitabları ilə yanaşı, “Vaqif Bayatlı Odər. Biblioqrafiya” nəşri ilə də tanış olublar.
Səhhəti ilə bağlı özü mərasimə qatıla bilməsə də, gecənin bütün ruhuna Vaqif Bayatlı Odər poeziyası hakim idi...
Əvvəlcə Vaqif Bayatlı Odərin yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər şurasının sədri Fərid Hüseyn kitablar barədə məlumat verib. Qeyd edib ki, sərhədsiz könüllər Vaqif Bayatlı Odər yaradıcılığının dəyişməz ünvanı olub. Onun poeziyası oxucunun ruhuna yol tapır, insanın iç dünyasına işıq salır: "Bu kitablar Vaqif Bayatlı Odərin illər boyu poetik duyuma verdiyi dəyərin, diqqətin nəticəsidir. O, bu əsərləri bir yerə toplamaq məqsədilə deyil, hiss edib yazdığı üçün yaradıb. Biz isə onun bu dəyərli poeziyasını bir yerə toplayaraq oxucuya təqdim etdik”.
AYB-nin sədri Xalq yazıçısı Anar Vaqif Bayatlı Odərin yaradıcılığını yüksək qiymətləndirdiyini söyləyib: “Mənim təsəvvürümdə o, hələ Vaqif Cəbrayılzadə imzası ilə yazdığı şeirlərlə qalıb. Onun poetik dünyası duyğulu və dərin mənası ilə zəngindir. Ulduzlar, uşaqlar və dünyanın saflığı barədə yazdığı lirik şeirlərlə yanaşı, cəmiyyətin ağrı-acılarını əks etdirən sərt ictimai mövzulu şeirləri də var. Bu, onun poetik diapazonunun genişliyindən xəbər verir”.
Xalq yazıçısı, akademik Kamal Abdulla Vaqif Bayat Odərlə 45 illik dostluğu olduğunu deyib: “Biz ötən əsrin 80-ci illərdən tanışıq. O dövrdən bu günə qədər onu müşahidə edirəm və inamla deyə bilərəm ki, Vaqif şeirlərini gah qışqıraraq, gah da pıçıldayaraq söyləyir. O, son dərəcə geniş ürəyə, həssas ruh halına sahib biridir. Məncə, Vaqif metafizik bir şairdir. Onun heç bir şeirində iki üstəgəl iki bərabərdir dörd olmur, nəticə, həmişə fərqli olur. Onun yaratdığı poetik obrazlar Azərbaycanın ədəbiyyatında unudulmaz, dərin fəlsəfi qatlara malikdir”.
Millət vəkili Aqil Abbas, Xalq şairi Sabir Rüstəmxanlı da şairin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib: “Vaqif Bayatlı Odərin şeirləri hər zaman mənim yol yoldaşım olub. Onun ilk şeirləri çap olunanda bizə həm qəribə, həm də maraqlı gəlirdi. Bu gün də həmin şeirlər oxuculara ilk gündəki kimi təsir edir.”
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək Vaqif Bayatlı Odərin Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunduğunu bildirib və diplomu şairin həyat yoldaşı Tamam Bayatlıya təqdim edib.
Tamam xanım tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.
Sonra şairin yaradıcılığına həsr edilən “Ölənədək sevmək azdır” adlı bədii proqram təqdim olunub. Vaqif Bayatlı Odərin şeirləri və poetik dünyasına köklənən musiqi nömrələri səsləndirilib.