Azərbaycanın yeni tarixində 1993-cü ilin iyunu bütün mənalarda taleyüklü yolayrıcı idi. Siyasətdə səbatsızlar, idarəçilikdə naşılar üzündən Azərbaycan elə bir yolayrıcına gəlib çıxmışdı ki, bundan sonra ya kənarında olduğu uçuruma yuvarlanaraq dövlət kimi məhv olacaq, ya da bu uçurumdan uzaqlaşıb xilas yoluna çıxacaqdı. Tale Azərbaycana ikincini qismət etdi.
“Başa düşürdüm ki, hökmən getməliyəm, çünki xalqın taleyi həll olunurdu...”
4 iyunda baş verən Gəncə olayları nəticəsində hakimiyyət iflic olmuş, siyasi böhran dərinləşmiş, ölkə idarəolunmaz hala gəlmişdi. Milli Ordunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyamçı hərbi dəstələrlə hökumət qüvvələri arasında baş verən toqquşmanın bütün ölkəyə yayılan dalğası Azərbaycanı vətəndaş müharibəsinə doğru aparırdı.
İflasın eşiyində olan Xalq Cəbhəsi iqtidarı bir neçə gün idi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Bakıya çağırırdı.
Heydər Əliyev iyunun 9-da onun üçün göndərilən təyyarə ilə Bakıya gəldi...
Müsahibələrinin birində bu barədə demişdi: “Bakıdan yanıma tez-tez adamlar gəlir, dilə tuturdular ki, siyasətə qayıdım. Lakin mən istəmirdim. Xalq Cəbhəsinin siyasətinə qoşulmaq istəmirdim. Çünki bu siyasət fəlakətə doğru aparırdı... Xalq Cəbhəsi gördü ki, işlər fənadır, sonları çatmaqdadır və xalq onları sadəcə olaraq didib-dağıdacaqdır. Buna görə də Elçibəy məni çağırmağı qərara aldı ki, vəziyyəti xilas edim. O, Naxçıvana mənə zəng vururdu, lakin mən dəstəyi götürmürdüm. O, yenə zəng vurdu. Mən dəstəyi yenə də götürmədim. İyunun 7-də onlar Bakıdan mənə təyyarə göndərdilər. Mən təyyarəni geri qaytartdırdım. İyunun 8-də onlar təzədən təyyarə göndərdilər. Mən Elçibəylə telefonla danışdım və Bakıya getməkdən imtina etdim.
İyunun 9-da Surətin qoşunları Bakının 100 kilometrliyində idi. Elçibəy yenidən mənə təyyarə göndərdi. Yalvarıb-yaxardı ki, Bakıya gəlim, mən razılaşdım. Nə gizlədim, oraya gedib fəlakətli vəziyyəti görməyə qorxurdum, buna baxmayaraq, başa düşürdüm ki, hökmən getməliyəm, çünki xalqın taleyi həll olunurdu.
Başa düşəndə ki, xalqım vətəndaş müharibəsi həddindədir, onda mən buraya gəldim. Vətəndaş müharibəsi isə xalqın məhv olması, dövlətin sonu deməkdir...Odur ki, gəlməyə bilməzdim. Təkrar edirəm: Mən buraya tək, ürəyimin hökmü ilə gəldim ki, xalqıma ən dəhşətli fəlakətdən yaxa qurtarmaqda kömək edim...”.
“Azərbaycan müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək”
“Azərbaycanın bugünkü ağır, mürəkkəb vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.
Heydər Əliyev 1993-cü ilin 15 iyununda fəlakətlə üz-üzə qalan dövlətin sükanı arxasına bu sözlərlə keçdi.
Bu, müstəqillik tariximiz üçün həqiqət anı idi.
Heydər Əliyev Milli Məclisin iclasında tarixi çıxışı zamanı ölkənin düşdüyü vəziyyətin ağırlığını dərk etdiyi kimi, onu bu vəziyyətdən çıxarmağın xalqın birliyi və dəstəyi sayəsində mümkün olacağına da inanırdı: “Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi qurumlar, bütün ictimai təşkilatlar, bütün insanlar – hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır. Hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq... Mən bu yola xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm... Hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar...”.
Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması da, hər şeydən öncə, tarixi zərurət və zamanın tələbi idi...
Bu qayıdış Azərbaycan xalqının ümidlə gözlədiyi sabitlik və qanunçuluğu, milli dövlətçiliyi bərqərar etdi.
1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini iki dövrə böldü. Arxada dərəbəylik “hakimiyyəti” və siyasi hikkələrin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə sabitlik, ümid və Azərbaycan dövlətçiliyinin xilası vardı.
1993-cü ildə Azərbaycan xalqını rəzalətdən və qardaş qırğınından, Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev on il sonra bizə möhkəm özülü, istiqrarı, sabit inkişaf yolu təmin edilmiş dövlət qoyub getdi...
Ötən zaman kəsiyində 15 iyun Azərbaycanın yeni tarixində haqqında ən çox müzakirə gedən günlərdən biri olub. Amma bu bir gerçəkdir ki, həmin gün Azərbaycanın siyasi həyatında və bununla yanaşı bütövlükdə ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni mərhələ açıldı.
Qarşıda Azərbaycanın istiqlalı və istiqbalı naminə tarixə yazılacaq çətin, ağır, amma sonunda işıq olan yol vardı...
Vüqar Əliyev