
Azərbaycanda kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq.
Prezident İlham Əliyev mayın 29-da bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda Nazirlər Kabinetinə bir ay ərzində sözügedən qaydaları hazırlamaq tapşırılıb.
Bundan əlavə, Nazirlər Kabineti üç ay müddətində kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir.
***
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının inkişafı, o cümlədən yerli film istehsalçıları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici film istehsalçılarını Azərbaycan Respublikası ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalına cəlb etmək bu baxımdan olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2025-ci il