Xəbər verdiyimiz kimi, ölkəmizin də təmsil olunduğu XXVII Tbilisi Beynəlxalq Kitab Festivalı gedişində, mayın 30-da Gürcüstan Milli Kitabxanasında daimi fəaliyyət göstərəcək “Azərbaycan ədəbiyyatı guşəsi” açılıb.

Həmin gün Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Gürcüstan Milli Kitabxanasının direktoru Konstantin Qamsaxurdiya ilə görüşüb.

Bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verillib.

Söhbət zamanı K.Qamsaxurdiya Gürcüstan Milli Kitabxanasında Azərbaycanla bağlı qiymətli kitabların olduğunu bildirib.

Kərim Tahirov iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün kitabxanalar arasındakı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. "Ölkələrimiz arasında kitab mübadiləsi bizi bir-birimizə daha da tanıdır. Oxucularımız ölkələrimizin tarixi və mədəniyyəti ilə yaxından tanış olurlar”, - deyə o o diqqətə çatdırıb.

Görüşdə iki kitabxana arasında mövcud memorandum əsasında qarşılıqlı əməkdaşlıq, kitabxana arxivlərinin zənginləşdirilməsi məqsədilə nadir kitabların və əlyazmaların tədqiqi, kitab sərgilərinin təşkili, beynəlxalq kitab mübadiləsinin inkişafı və kitabxana elminin bütün sahələrində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, treninq, konfrans və digər tədbirlərin keçirilməsi müzakirə olunub.

Kərim Tahirov Gürcüstan Milli Kitabxanasına Azərbaycana dair kitablar hədiyyə edib.