Mayın 31-də Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın (1910–1981) ev-muzeyinin açılış mərasimi keçirilib.
Dövlət rəsmilərinin, tanınmış ədəbiyyat, mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Rəsul Rzanın öz səsində lentə alınmış “Dünyanın dərdi” şeiri səsləndirilib.
Mərasimdə çıxış edən Xalq yazıçısı Anar muzeyin yaradılması ideyasının necə formalaşdığı barədə danışıb, atası ilə bağlı xatirələrini bölüşüb.
Mədəniyyət naziri Adil Kərimli ev-muzeylərinin xalqın mədəni yaddaşının qorunmasında oynadığı rolu vurğulayıb. Bildirib ki, Rəsul Rzanın ev-muzeyinin əsası Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı sərəncamla qoyulub, 2023-cü ildə rəsmi olaraq təsis edilib və bu gün ictimaiyyətin istifadəsinə verilir. Qeyd olunub ki, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi isə 2004-cü ildə yaradılıb. A.Kərimli qeyd edib ki, bu ev-muzeyi böyük ədibin irsini gələcək nəsillərə daha dolğun şəkildə çatdıracaq.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb. O, illər əvvəl Rəsul Rzanın sözlərinə bəstələdiyi mahnını xatırladaraq, bu evin onun üçün nostalji duyğular doğurduğunu bildirib. Polad Bülbüloğlu söyləyib ki, Azərbaycanın görkəmli sənətkarlarının xatirəsinin yaşadılması dövlət siyasətinin əvəzsiz hissəsinə çevrilib.
Xalq şairi Sabir Rüstəmxanlı ev-muzeyinin açılmasının Azərbaycan ədəbi-mədəni həyatında mühüm mərhələ olduğunu deyib: “Rəsul Rzanın yaradıcılığı dünya poeziyasında yeni nəfəs, yeni istiqamət olub və onun irsi hələ uzun illər ədəbiyyatımıza yol göstərəcək”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Rəsul Rzanın yalnız şair kimi deyil, bütöv bir mənəviyyat məktəbi yaradan şəxsiyyət kimi önəmini qeyd edib. O, “Pəncərəmi açdım sabaha” şeirini xatırladaraq, evin memarlıq quruluşunun da bu şeirlə ahəng təşkil etdiyini diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Rəsul Rzanın Azərbaycan ədəbiyyatdakı yenilikçi təfəkkürünü vurğulayaraq deyib: “Rəsul Rzanın mədəniyyətin digər sahələrində - kino və musiqidə də böyük xidmətləri olub. Onun təşəbbüsü və dəstəyi ilə yeni filmlər çəkilib, simfonik orkestr yaradılıb”.
Rəsul Rzanın ailə üzvləri sevinc və qürur hisslərini ifadə ediblər. Xalq yazıçısı Anarın həyat yoldaşı akademik Zemfira Səfərovanın təşəkkür məktubu nəvəsi tərəfindən oxunub.
Tədbir bədii hissə ilə davam edib. Xalq artisti Samir Cəfərov Rəsul Rzanın sözlərinə bəstələnmiş “Sənə də qalmaz”, Əməkdar artist Ramil Qasımov “Qızıl üzük” mahnılarını oxuyublar, Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin yetirməsi isə şairin “Çinar” şeirini söyləyib.
Sonda qonaqlar ev-muzeyi ilə yaxından tanış olublar.