Bakıda “Kıbrıs Evi”nın açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın turizm təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Termal və Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının sədri, “Millennium Tourism" şirkətinin rəhbəri Ruslan Quliyev diqqətə çatdırıb ki, “Kıbrıs Evi” “Millennium Tourizm & Congress” DMC və Lefke Avropa Universitetinin (Şimali Kipr) uzunmüddətli birgə səyləri və dəstəyi ilə yaradılıb.

O bildirib ki, “Kıbrıs Evi” Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında əlaqələrin genişləndirilməsinə və daha yüksək səviyyədə inkişafına töhfə verəcək: "Bu əlamətdar hadisə Lefke Avropa Universitetinin 35 illik yubileyinə təsadüf edir. Xoş bir təsadüfdür ki, bu il həm də “Millennium Tourism”in Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlığının 20 illiyidir. Biz bugünkü tədbirin baş tutması üçün uzun və gərgin bir fəaliyyət dövrü keçmişik. Bakıda “Kıbrıs Evi”nin açılması bizim ən böyük arzumuz idi. 20 il öncə xəyalını qurduğumuz bir layihəni bu gün reallaşdırırıq. Sevincliyik, qürurluyuq”.

Lefke Avropa Universiteti İdarə Heyətinin sədri Enver Öztürk vurğulayıb ki, Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini təmsil edəcək bu ev iki ölkə qardaşlığının möhkəmlənməsinə xidmət edəcək: “Mən 20 il əvvəl ŞKTC-nin turizm naziri olanda belə bir ifadə işlətmişdim ki, Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti bir millət, üç dövlətdir. Dövlətlərarası münasibətlər əvvəlcə siyasi, daha sonra digər müstəvilərdə formalaşır. Azərbaycanda “Kıbrıs Evi”nin açılması bu əlaqələri daha da genişləndirəcək”.

Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselen bildirib ki, Azərbaycana hər gəlişində özünü doğma vətənində olduğu kimi hiss edir: “Azərbaycanlı tələbələrin təmsil etdiyi universitetə getdikcə daha çox maraq göstərməsi məni sevindirir. Lefke Avropa Universitetinin dünya reytinqində öncül yerlərdə qərarlaşdığını deyən rektor bildirib ki, təmsil etdiyi ali təhsil ocağında təlim proqramları beynəlxalq standartlara və akkreditasiyalara uyğundur ki, bu da yüksəkkeyfiyyətli təhsili və diplomların bütün dünyada tanınmasını təmin edir”.

Milli Məclisin deputatı Jalə Əliyeva qeyd edib ki, parlamentdə Azərbaycan-Kipr işçi qrupunun yaradılması Şimali Kiprin haqqını tanımaq istəməyənlərə bir qardaş cavabı olacaq.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı rəsmi nümayəndəsi Ufuk Turganer Azərbaycanda çalışmağın, ölkəsinin təmsilçiliyini həyata keçirməyin onun üçün ayrı bir zövq və qürur olduğunu diqqətə çatdırıb. “Prezident İlham Əliyevin siyasətinin mühüm bir istiqaməti türk dövlətlərinin birliyidir. Bu siyasət bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafını şərtləndirir. Bizim əsas vəzifəmiz də bu siyasəti dəstəkləmək və həyata keçirməkdir”, - deyə o əlavə edib.

Sonra tədbir iştirakçıları Şimali Kiprin tarixini əks etdirən fotoşəkillərə baxıblar.

Onu da əlavə edək ki, 14 il öncə, 2011-ci ilin yayında “Millennium Tourism" şirkəti Bakıdan Şimali Kiprə çarter reysləri ilə ilk turist səfərlərini təşkil etmişdi.