Azərbaycan Dövlət Uşaq Filarmoniyası mayın 30-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı təqdim edib.

Uşaq Filarmoniyası gənc istedadların tanınması, yaradıcı kollektivlərin inkişafı məqsədi ilə müxtəlif layihələr həyata keçirməkdə davam edir. Filarmoniyanın Gəncə şəhərinə ikinci dəfə gerçəkləşən səfəri də bu məqsədlə təşkil edilib.

"Biz dünyayıq" adlı konsert proqramı 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunub.

Filarmoniyanın yaradıcı kollektivləri – "Musiqili uşaq teatrı", "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər, müxtəlif yaş qrupları üzrə folklor rəqs heyətləri, gimnastika dərnəyinin üzvləri, eləcə də "Simurq" musiqi festivalının iştirakçıları Fəxriyyə İsgəndərova, Amalya Seyidova (müəllim: Nigar Rəhimova), İnci Hümbətova (müəllim: Kamilla Sədirxanova), Cəlalə İsmayılzadə (müəllim: Kamilla Əmirova), İnci Abbasova (müəllim: Fəridə Əhmədbəyova) bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Təqdim olunan rəqslər, uşaq dünyasının rəngarəngliyini əks etdirən musiqi kompozisiyaları, milli musiqi alətlərinin ahəngi, gimnastika dərnəyi üzvlərinin estetik çıxışları konsertə dinamik ruh qataraq tamaşaçıların alqışlarına səbəb olub.

Konsertin sonunda bütün iştirakçılar səhnəyə çıxaraq final nömrəsi ilə uşaqların bayramını təbrik ediblər.