“Laçın – MDB-nin Mədəniyyət Paytaxtı 2025” açılış tədbirləri çərçivəsində iyunun 3-də “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın mədəniyyət və elm xadimləri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev, MDB baş katibinin müavini Nurlan Seytimov və digər çıxış edənlər Laçın şəhərinin "MDB-nin Mədəniyyət Paytaxtı" elan edilməsini regionda mədəni dirçəlişin və beynəlxalq əməkdaşlığın simvolu kimi dəyərləndiriblər.
Dəyirmi masa zamanı mədəni əməkdaşlığıni, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və bu sahədə qlobal çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması məsələləri müzakirə olunub.
Tədbirdə qeyd olunub ki, son on il ərzində Azərbaycan 6 xarici ölkədə mədəniyyət mərkəzləri açaraq, milli mədəniyyətin təbliği və beynəlxalq mədəni mübadilənin inkişafı istiqamətində mühüm addımlar atıb. Bu mərkəzlər vasitəsilə Azərbaycan mədəniyyəti dünya ictimaiyyətinə daha yaxından tanıdılır, eyni zamanda ölkələrarası humanitar dialoqa töhfə verilir.
Bildirilib ki, bu mərkəzlər fəaliyyət göstərdikləri ölkələrdə yaşayan azərbaycanlı icmalarla əlaqələrin möhkəmləndirilməsində də mühüm rol oynayır. Eyni zamanda, onlar digər xalqların mədəniyyətləri ilə dialoq mühitinin yaranmasına, qarşılıqlı anlaşma və tolerantlığın təşviqinə xidmət edir.
Tədbir iştirakçıları Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bu təşəbbüslər ümumilikdə regionun mədəni inteqrasiyasına və dayanıqlı inkişafına xidmət edir.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Laçın şəhəri 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub.