İyunun 5-də Bakıda BMT Turizmin (UN Tourism) Avropa Regional Komissiyasının 71-ci iclası işə başlayıb.
İclasda açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Azərbaycanın BMT Turizm təşkilatı ilə əməkdaşlıq əlaqələrindən bəhs edib. O, ölkəmizin 2001-ci ildən təşkilata üzv qəbul olunması, 2013-cü ildən indiyədək 3 dəfə İcraiyyə Şurasında təmsil olunması, 2017-ci ildə İcraiyyə Şurasına sədr seçilməsi və 2019-cu ildə İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi etməsi haqqında məlumat verib.
Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafına daim diqqət göstərdiyini vurğulan Fuad Nağıyev qeyd edib ki, ölkəmiz Avropa ilə digər regionlar arasında turizm sahəsində də körpü rolunu oynayan mərkəzə çevrilib. Bildirib ki, 2024-cü ildə ölkəmizə gələn xarici ziyarətçilərin sayı 2023-cü illə müqayisədə 26 faiz artıb, turist xərcləmələri isə 5.1 milyard dollara çatııb.
DTA sədri 2024-cü ildə COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, Dövlət Turizm Agentliyi və BMT Turizmin birgə təşkilatçılığı ilə “Turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə nazirlərin birinci görüşü”, habelə indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında da məlumat verib, iştirakçı ölkələri bəyannaməyə qoşulmağa çağırıb.
Agentlik sədri Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyünü qeyd edərək müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən BMT Turizmin icraçı direktoru Natalia Bayona Azərbaycan tərəfinə tədbirin yüksək səviyyədə təşkilatçılığı və qonaqpərvərlik üçün təşəkkür edib. O, turizmin iqtisadiyyatın ən insanyönümlü sahəsi kimi insanları və mədəniyyətləri birləşdirdiyini qeyd edərək bu sahənin dayanıqlı gələcəyini təmin etmək məqsədilə innovasiya, təhsil və investisiyaların önəmini vurğulayıb.
Qeyd edək ki, Avropa Regional Komissiyasının üzvü olan 38 ölkədən 150-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən iclasın gündəliyinə təşkilatın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabatların dinlənilməsi, Baş Assambleya, müxtəlif komitə və işçi qruplar üzrə seçkilər, o cümlədən İcraiyyə Şurasına seçkilər daxildir.
Qeyd edək ki, Avropa Regional Komissiyası üzrə İcraiyyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə Azərbaycanla yanaşı, Qazaxıstan, Moldova, Sloveniya, Fransa, Ermənistan, Rumıniya, Xorvatiya və Yunanıstan kimi ölkələr tərəfindən 2025-2029-cu illər üçün namizədlik irəli sürülüb.
Tədbirin ikinci günündə “Təkandan yüksəlişə: turizmdə iqlim dəyişikliklərinə qarşı fəaliyyətin COP29-dan sonra irəliləməsi” mövzusunda tematik konfrans keçiriləcək.