Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilin açılışı münasibətilə konsert proqramı təqdim edilib.
Həkəri çayının sahilində qurulmuş səhnədə 7 ölkənin – Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın incəsənət ustaları – rəqs kollektivləri, müğənnilər, instrumental ifaçılar çıxış ediblər.
Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Azərbaycan süitası” ilə başlanıb. Ansamblın ifasında “Qaytağı” və “Uzundərə” rəqsləri də təqdim olunub.
Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.
Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında “Qırğız çıroqu” rəqsi təqdim olunub.
Konsert proqramında dövlət başçısının sərəncamı ilə bu il 140 illiyi qeyd olunan Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də xüsusi yer verilib. Əməkdar artist, vokalçı Ramil Qasımov bəstəkarın “Sənsiz" romansını səsləndirib. Sonra o, Əməkdar artist İnarə Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.
Qazaxıstanın “Kulansaz” foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər.
Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa” Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar.
Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”, tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər.
“Qaya” Dövlət Ansamblının ifasında “Laçın" xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.
Rusiyadan “Voronej qızları” xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib.
Özbəkistanın “Şodlik” ansamblı isə “Özbəkistan güldəstəsi” kompozisiyasını təqdim edib.
Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və “Şən Azərbaycan” (solist (rəqs): Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb. Bəstəkar-müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.
Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.
***
Açılış tədbirləri çərçivəsində “Birlik rəngləri” adlı incəsənət sərgisi də təşkil edilib.
Həmçinin Azərbaycanın və mərasimə qatılan MDB ölkələrinin milli mətbəxinin təqdimatı olub.