M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əksəriyyəti uşaqlardan ibarət olan tamaşaçılar üçün klassik musiqi üzrə maarifləndirici konsert proqramı təqdim edilib.
Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin budəfəki konserti Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunub.
Proqramda B.Britten – “Orkestr haqqında gənclər üçün bələdçi” op.34, C.Saent-Saёns –“Heyvanların karnavalı” səslənib.
Konsertin solistləri Cəmalə Abdinzadə (piano), Nərgiz Kəngərli (piano) və Hüseynağa Aslanov (qiraətçi) olub.
İlk əsərin ifası zamanı hər bölmədən əvvəl dirijor orkestr qrupları barədə ətraflı məlumat verib.
Şarl Kamil Sen-Sansın (Charles Camille Saint-Saëns) iki piano və orkestr üçün yazdığı “Heyvanların karnavalı” əsərinin səslənməsi zamanı isə qiraətçinin əsərin hər epizodundan əvvəl qısa çıxışı uşaqların xüsusilə marağını cəlb edib.
Belə maarifləndirici konsertlərin keçirilməsi yeni nəslin inkişafında, estetik zövqünün və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.