1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ölkəmizdə müxtəlif səpkili tədbirlərlə qeyd olunub.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqların bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Bayram tədbiri bu il ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalı çərçivəsində təşkil olunub.
“Mədəniyyət səninlə tanınır!” şüarı ilə gerçəkləşən tədbirdə tanınmış musiqiçilər, eləcə də 2023-cü ildə keçirilmiş ilk Uşaq İncəsənət Festivalının qalibləri çıxış ediblər.
Gülyaz Məmmədova, Faiq Ağayev, Ramil Qasımov, Manana, İlhamə Qasımova, Şəhriyar İmanov, Azad Şabanov, Samirə Əfəndi, aşıq Samirə kimi incəsənət ustaları ifaları ilə uşaqların könlünü oxşayıblar.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şərqi Zəngəzur, Mərkəzi Aran, Şirvan-Salyan, Mil-Muğan, Lənkəran-Astara, Qarabağ regional mədəniyyət idarələri də stendləri ilə festivala töhfələrini verib.
Tədbir məkanında qurulmuş interaktiv zonalar, zəka və əyləncə guşələri, yaradıcı emalatxanalar və əl işlərinin təqdimat stendləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Gün boyunca davam edən musiqi, rəqs, səhnəciklər və təsviri sənət nümunələri uşaq dünyasının rənglərini əsl sənət tablosuna çevirib.