Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığının Seqoviya şəhərində keçirilən BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında iştirak edib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, sessiyada 2026-2029-cu illər üçün BMT Turizmin baş katibi vəzifəsinə seçki keçirilib. Bu vəzifəyə Qana, Yunanıstan, Meksika və Birləşmiş Ərəb Əmirliklərindən namizədlər irəli sürülüb.
Səsvermə nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi xanım Şaixa Al Novais növbəti 4 il müddətinə BMT Turizmin baş katibi seçilib.
Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizin İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da yer alıb.